Vəkili Ramil Səfərovla bağlı sirləri açdı - İlk dəfə

  • 11 Avq - 2019

2004-cü ildə Macarıstanda həbs olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun vəkili olan Adil İsmayılov həmin günlərlə bağlı xatirələrini qələmə alıb.

Avropa.indo axar.az-a istinadən tanınmış vəkilin qeydlərini təqdim edir:

“Ondan başlayım ki, Ramil Səfərovun işinə qoşulmağım sırf təsadüf idi. 2004-cü ilin yanvar ayında mənə Budapeştdə vəkillər, prokurorlar və hakimlər üçün təşkil edilmiş beynəlxalq təlimdə iştirak etmək təklifi gəldi, razılıq verdim. Məlum oldu ki, Azərbaycandan 3 nəfər vəkil, 4 prokuror və bir hakim gedəcək. Sonuncularla əvvəldən tanışlığım yox idi. Bundan sonra bəzi personajların adını bilərəkdən, bəzilərininkini unutduğum üçün yazmayacam, qüsura baxmayın. Vəkilləri isə yaxşı tanıyırdım, biri Elton Quliyev, o biri Vaqif Səmədov idi. Hər ikisi indi həyatda yoxdu, ikisinin də şəxsiyyətinə böyük hörmətim var və xoş duyğularla anıram. Allah ikisinə də qəni-qəni rəhmət etsin. İş belə gətirdi ki, son anda Elton müəllimin gedə bilməyəcəyi məlum oldu. Elton fevralın 29-da anadan olmuşdu və ad gününü 4 ildə bir dəfə qeyd edirdi, mənə yarı ciddi-yarı zarafat dedi ki, ad gününü təyyarədə qeyd etmək istəmir. Biz Macarıstana fevralın 29-da uçmalı idik, martın 7-də geri qayıdacaqdıq. Təlimi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) təşkil etmişdi. Fevralın 10-da biz vizalarımızı aldıq. Fevralın üçüncü ongünlüyündə indi dəqiq tarix yadımda deyil, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Budapeştdə erməni zabiti öldürməsi xəbəri yayıldı. Hadisə fevralın 19-da baş vermişdi. Müxtəlif şayiələr, söz-söhbətlər ildırım sürəti ilə yayılırdı. Fevralın 26-da məni "Speys" telekanalına canlı yayıma dəvət etdilər. İndi etməsinlər, o vaxt buna alışıq idim. Yayım Xocalı soyqırımına həsr olunmuşdu və bu konteksdə Ramil Səfərov olayından da söz düşdü. Mən fevralın 29-da Budapeştə gedəcəyimi və imkan daxilində Səfərovun işi ilə maraqlanacağımı dedim. Səhəri gün Səfərovun atası zəng edib mənimlə görüşdü. Təklif etdim notariusa gedək mənim adıma etibarnamə versin ki, Budapeştdə lazım ola bilər. Onların ailəsi adından çıxış edə bilim. Biz 1 saylı notariat kontoruna gəldik. Oranın müdiri Famil müəllim bizim hansı məqsədlə gəldiyimizi bilən kimi dərhal etibarnamə hazırladı, ingilis dilinə tərcümə etdirdi və xaricdə istifadə edilə bilməsi ütün prosedurları özü həll etdi, xərcini də özü ödədi. Həmin gün tanımadığım bir nəfər zəng edib dedi ki, mənə Budapeştdə kömək edə biləcək şəxslə məni görüşdürmək istəyir. Biz həmin adamla görüşdük. Adam milliyyətcə yəhudi olan Azərbaycan vətəndaşı idi. Məlum oldu ki, Budapeştdə onun milliyyətcə yəhudi olan dostu yaşayır, onunla danışıb və mənə yardımçı olmasını xahiş edib. Dostunun telefonunu verdi və mənim zəngimi gözləyəcəyini dedi.

29 fevralda bazar günü Budapeştdə olduq. Martın 1-də təlim başladı. Təlim Budapeştdə keçmiş Polis Akademiyasının binasında keçirilirdi. Elə orda akademiyanın binasında qalır, yeməkxanasında yeyirdik. Həmin gün Budapeştdə mənə verilən nömrə ilə əlaqə saxladım, mənə kömək edəcək şəxslə üçüncü gün görüşəcəyimizi planlaşdırdıq. Biz üçüncü gün akademiyanın qarşısında görüşdük. Mənim gəlişimin məqsədindən və Ramilin işindən xəbərdar idi, dediyinə görə macar qəzetlərində hadisə geniş işıqlandırımışdı, özü də mənfi çalarlarla. Mən Səfərov üçün vəkil tutmaq istədiyimi dedim. O, tanış vəkili olduğunu bildirdi və onunla danışmağı məsləhət gördü. Vəkilin milliyyətini yəqin ki, yazmağa ehtiyac yoxdu. Biz birlikdə vəkilin ofisinə getdik. Onunla işin detallarını və qonorarın məbləğini danışdıq. Bundan sonra vəkil dedi ki, elə indi polis idarəsinə gedib Ramil Səfərovla görüşə bilərik. Açığı bunu gözləmirdim, Azərbaycanda nəinki müqavilə bağlayan şəxsi, heç vəkilin özünü müvəkkilin yanına bu tezliklə buraxmırlar. Vəkilin soyadı Zalay, adı Peter idi. Zalay dedi ki, biz Ramillə görüşəndə, sonuncu onun prosesdə iştirakına yazılı razılıq verməlidi. Vəkilin ailəsi tərəfindən dəvət edildiyini, həm müstəntiq, həm də Səfərovun bilməsi üçün orda mənim iştirakım da vacibdi. Zalay mənim yanımda Polis İdarəsinə zəng etdi, müstəntiqin kimliyini öyrəndi, onunla telefonda danışdı, gələcəyimizi dedi. Biz birlikdə polis idarəsinə gəldik, müstəntiq Səfərovun hələki polis idarəsində yerləşən müvəqqəti saxlama yerində qalmasını demişdi. Biz vəkillə birlikdə müstəntiqin kabinetinə qalxdıq. Kabinetə girəndə növbəti dəfə təəccübümü gizlədə bilmədim. Divarlarda adət etdiyimiz şəkilləri görmədim, təbiət və qadın şəkilləri vardı, ümumiyyətlə öyrəndiyimiz rəsmiyyətdən əsər-əlamət yox idi. Müstəntiq telefonla zəng edib, Səfərovun gətirilməsi barədə göstəriş verdi.

Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər. Beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdir yatmayıb və çox yorğundur. Bununla belə qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi. Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi. Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam. Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki, Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək (Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi). Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək. Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla akademiyaya qayıtdım. Burada təlimə gələn yoldaşlar məni gözləyirdi. Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-nü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım. Yoldaşlardan heç biri pul verməyə razı olmadılar, arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidir. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridir. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi, Allaha şükür onu da bacardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar. Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq, bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar. Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, narahat olma mənim 300 dollarım var, onun yarısını götür. Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim (sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakıya qayıtdıq. Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu, mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim. Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi.

Bakıya gələn kimi prokurorluğa getdim. Baş prokurorla və onun birinci müavini ilə görüşdük. Ramillə görüşüm və vəkil barəsində onlara da məlumat verdim. Başa düşdüm ki, Səfərovun taleyinə əhalinin marağını və narahatlığını nəzərə alan ölkə rəhbərliyi tərəfindən bu iş üzrə istintaqın gedişini diqqət mərkəzində saxlamaq və lazımi dəstək vermək onlara tapşırılıb. Bu söhbətdən sonra Müdafiə Nazirliyinə getdim, orda pulumu qaytardılar və vəkilin qonorarının qalan hissəsini ona çatdırmaq üçün mənə verdilər, bu məsələ həll olundu. Mənim çoxsaylı çatışmayan cəhətlərimdən biri də Azərbaycan və rus dillərindən başqa dil bilməməyimdir. Buna görə Budapeştə xarici dil bilən vəkilin də getməsi məsləhət oldu. Mən həmkarım Elçin Usubun Almaniyada hüquq təhsili aldığını bildiyim və savadlı vəkil kimi tanıdığım üçün onun namizədliyini verdim, onunla danışıb razılığını aldıq. Qeyd edim ki, Səfərov üçün tutduğumuz vəkil Peter Zalay da alman dilində sərbəst danışırdı və Macarıstanda vaxtilə bizdəki kimi rus dili icbari tədris olunduğu üçün əksər yaşlı əhali kimi o da rusca az-maz danışa bilirdi. Elçin onunla alman dilində, mən isə rus dilində danışırdıq. Qalırdı Ramil Səfərovla vəkilin ünsiyyət məsələsini həll etmək, məlum oldu ki, Səfərovun rus dili biliyi Zalaydan, Zalayın ingiliscəsi də Səfərovunkundan zəifdir. Bu problemi də Budapeştdə yaşayan azərbaycanlılar vasitəsi ilə həll etmək qərarına gəldik. Elçin səhv etmirəmsə mart ayında Macarıstana getdi. Mart-aprel aylarında mən əlimdə olan işləri yekunlaşdırdım. O vaxt Azərbaycanda Macarıstan səfirliyi olmadığından viza almaq problemi vardı. Eyni zamanda Macarıstanın Azərbaycan vətəndaşlarının xidməti pasportla vizasız gedə biləcəyi ölkələr sırasına daxil olduğunu nəzərə alaraq aprelin sonlarında Xarici İşlər Nazirliyindən mənə xidməti pasport verildi. May ayında mən Budapeştə getdim. Bu dəfə daha uzun müddət qalmağı planlaşdırırdım və daha sərbəst idim. Yuxarıda qeyd etdiyim tərcümə problemini Budapeştdə yaşayan Sevinc xanımın vasitəsi ilə həll etdik. Soyadı Micuri olan bu xanımı Səfərovun işində göstərdiyi xidmətlərə görə həmişə minnətdarlıqla xatırlayıram. Sevinc xanımın tərcüməçi kimi lisenziyası olmadığından, o prosesdə rəsmi tərcüməçi kimi iştirak edə bilməsə də, bir müddət tərcüməçi dəvət edilənə kimi vəkillə Səfərov arasında tərcüməçilik etdi. Sevinc bir neçə dəfə mənim vəkillə söhbətlərimdə tərcüməçi kimi, eyni zamanda bəzi texniki problemlərin həllində yerli şəraiti bilən adam kimi yardımçı olub. Mən Budapeştə ikinci dəfə gələndə artıq bəzi istintaq sənədləri ilə, o cümlədən Səfərovun ilkin ifadələri və ekspertiza rəyləri ilə tanış idim. Bilirdim ki, Ramil həbs edildikdən sonra iki dəfə ifadə verib və psixatrik ekspertizadan keçib. Dili bilmədiyi üçün ona tərcüməçi verilib. Amma nədənsə bu, Ramilin ana dili olan azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı. Macarıstanda Azərbaycan və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam. Səfərova yuxarıda qeyd etdiyim kimi ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi litseydə oxuduğu dövrdə məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir qədər sonra. Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq təcridxanasında oldu. Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə buraxılmaq üçün məktub götürmüşdüm. Məktubu vəkil Zalay istintaqa təqdim etdi. Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi. Səfərovla ikinci görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki, təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış, yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz. Səfərovla istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu. Burada bir haşiyə çıxmaq istəyirəm. Hazırkı yazıda hadisənin detalları, Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə bölüşərəm. Onunla əlaqəsi olan varsa, bu xahişimi çatdırmasını rica edirəm. Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada saxlanılır. Yerli qanunlara görə biz ona kamerada istifadə edə bilməsi üçün soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik. Hər dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu, ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım, hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart göndərdim. Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər. Hesabındakı puldan türmənin daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə bilir...

Davamı olacaq...”


Oxunma sayı: 1464

Oxşar yazılar