31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi keçirilib -

  • 10 Avq - 2019

Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə bu ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş olunub. Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib: "Hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir. İnnovasiyalar da həmçinin. Əminəm ki, Azərbaycan mədəniyyəti, musiqi və mətbəxi ilə tanışlıq imkanı əldə etdiniz. Ölkəmizdə multikulturalizm hökm sürür. IOI 2019 İT sənayesinin inkişafına töhfə olacaq".

İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Daha sonra IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb. O, növbəti ildə yarışın Sinqapurda keçiriləcəyini elan edib.

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş 162 iştirakçısı mükafatlandırılıb. Ən yüksək nəticə göstərmiş Amerika təmsiçisinə Təhsil naziri Ceyhun Bayramov tərəfindən qızıl medal təqdim olunub.

Daha sonra ölkəmiz haqqında qısa film nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.


 


Oxunma sayı: 881

Oxşar yazılar