Ermənilər indi də Ağdam torpaqlarını suvarmaq üçün kanal çəkir - 100 milyon dollar pul, 10 kektar sahə..

  • 08 Avq - 2019

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daha bir irimiqyaslı infrastruktur layihəsi başladıblar. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.

Layihə barədə qondarma “dqr”in keçmiş “baş naziri”, hazırda “Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan məlumat verib. O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarlılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.

Arutyunyan deyib ki, su kanalının tikintisi sayəsində Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər sususluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək.

Qeyd edək ki, indiyə qədər ermənilər onsuz da Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.

İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə işğalçılar Azərbaycanın nəzarətində olan ərazilərə gələn suyu daha çox məhdudlaşdıracaqlar. Həmin o cümlədən işğal altındakı Ağdamın əkin sahələrini suvarmaya yönəldiləcək və beləliklə də Ağdamda məskunlaşdırma üçün daha geniş imkan yaranacaq.

Hansı ki, Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bu, Qarabağı Ermənistana birləşdirən üçüncü yol olacaq və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına hesablanıb.


Oxunma sayı: 2542

Oxşar yazılar