NATO Çinin güclənməsi və təsirinin artmasına qarşı adekvat cavab verməlidir

  • 07 Avq - 2019

NATO Çinin güclənməsi və təsirinin artmasını təhlil etməli və buna qarşı adekvat cavab verməlidir. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu fikri Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq səsləndirib.

Alyansın rəhbəri deyib: “Söhbət NATO-nun Sakit okean regionunda möhkəmlənməsindən getmir. Məsələ ondadır ki, Çin xəlvətcə bizə getdikcə daha çox yaxınlaşır, Avropanın ən mühüm infrastrukturlarına irimiqyaslı sərmayələr qoyur, Arktikada, həmçinin kiberməkanda mövqeyini gücləndirir. Bütün bunlar NATO-nu Çinin səylərinə cavab verməyə məcbur edir. Biz bu addımları regiondakı tərəfdaşlarımıza – Avstraliya, Yeni Zelandiya, həmçinin Yaponiya və Cənubi Koreya ilə birlikdə atırıq”.

Stoltenberq onu da qeyd edib ki, Asiya-Sakit okean regionunda orta mənzilli raketlərin yerləşdirilməsi qərarı hələ qəbul edilməyib. O əlavə edib: “Dünən mən ABŞ-ın Müdafiə naziri Mark Esperlə danışdım və o dedi ki, bu regionda orta mənzilli silahlar sisteminin hazırlanması və yerləşdirilməsi üçün zamana ehtiyac var və müvafiq qərar verilməyib”.

Bundan əvvəl Mark Esper bəyan edib ki, Çinin yürütdüyü hərbi və iqtisadi siyasət beynəlxalq hüquq normalarına təhdiddir. Stoltenberq, öz növbəsində, Yeni Zelandiyaya səfəri zamanı bildirib ki, Çin və Rusiya kimi böyük dövlətlər tərəfindən rəqabətin güclənməsi NATO üçün təhlükə mənbəyidir.


Oxunma sayı: 452

Oxşar yazılar