İlham Əliyev birinci xanımla Pirallahıda – Yenilənib (Fotolar)

  • 13:17 - 07 Avqust

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.

Avropa.info xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verdi. Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Yeni binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.

Bundan əlavə, Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, “bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.

Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə gənclər siyasəti 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilir. Dövlətimizin başçının rəhbərliyi ilə həyata keçirilməkdə olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu baxımdan çox mühüm rol oynayır.


Oxunma sayı: 12200

Oxşar yazılar