Mikayıl Cabbarov Prezidentin iradları ilə bağlı hesabat verdi

  • 16:00 - 06 Avqust

İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, əlverişli sahibkarlıq mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın yaradılması ilə bağlı vergi orqanlarının gördüyü işlər diqqətdə saxlanılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov qeyd olunan istiqamətlərdə 2019-cu ilin 6 ayı ərzində həyata keçirilən tədbirlər barədə hesabatla çıxış edib.

Nazir qeyd edib ki, 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının və qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib:

“2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb.Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 faizi, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 51,1 faizi icra olnub”.

M.Cababrov deyib ki, proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb:

“2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 faiz icra olunsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalıb və 1.087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artaraq 2 milyard 545 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 faiz icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 faiz artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18 faiz, mənfəət vergisi üzrə 30 faiz, əmlak vergisi üzrə 18 faiz, mədən vergisi üzrə 16,2 faiz, aksizlər üzrə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8 faizə, mənfəət vergisi üzrə 27,9 faizə, aksizlər üzrə 2,0 faizə, əmlak vergisi üzrə 2,3 faizə qalxıb”.

Hesabatda bildirilib ki, 6 ayda qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib:

“Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21 faiz), tikinti sahəsində (7,7 faiz), digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.

2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10 faizə yüksəlib.

Əmək bazarında şəffaflaşma proseslərinə başlanılması, nəticədə işçi sayının və əmək haqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60 faiz artıb, proqnoz 121 faiz icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu toplam 365 milyon manat artırılıb. Qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, Vergilər Nazirliyinin vergi inzibatçılığının rəqəmsallaşması və fiskallaşma sahəsində həyata keçirməyə başladığı bir sıra layihələr dövriyyələrin şəffafflaşması prosesinə əlavə təkan verəcək:

“Hipermarketlərdə və yanacaqdoldurma məntəqələrində yeni nəsil onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasına başlanılıb ki, bu da çeklərin tələb edilməsi müqabilində ƏDV-nin bir hissəsinin qaytarılmasına imkan yaratmaqla alqı-satqı əməliyyatlarının kütləvi rəsmiləşməsinə istehlakçılarda marağı artıracaq.

Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir. Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur.

Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz, cari ilin əvvəlindən isə 20 faiz artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6 faiz, hüquqi şəxslərin cari bank hesablarının sayı isə 29,3 faiz artıb”.


Oxunma sayı: 14389

Oxşar yazılar