Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri

  • 13:24 - 01 Avqust

Yaxın Şərqdə gərginliyin geniş miqyas alması bir neçə səbəblə izah edilir. Onların bütövlükdə regionu çox mürəkkəb, xaotik bir situasiyaya ata biləcəyi barədə proqnozlar səsləndirilir. Maraqlıdır ki, burada Türkiyəyə bir neçə istiqamətdən edilən təzyiqlərin arxasında eyni dairələr dayanır. Liviya, Aralıq dənizi, Kipr, Suriya, İraq həmin bucaq altında bir-birindən ayrı problemlər kimi görünmür. Onların hamısında Türkiyə üçün təhdid elementləri mövcuddur. Türkiyənin regional böyük dövlət kimi inkişafının qarşısını almaq, geosiyasi müstəvidə təkləmək kimi bir gizli məqsədin olduğu duyulur. Eyni zamanda, Qərbin iri enerji şirkətlərinin yeni mənbələr, yeni məkanlar və enerji ehtiyatları uğrunda gərgin mübarizəyə başladıqları aydın olur. Bunlarla yanaşı, Türkiyənin daxilində baş qaldırmış bir sıra müxalif siyasi qüvvələrin məhz son dövrlərdə fəallaşmasının səbəblərini müəyyən etmək mümkündür. Belə görünür ki, onlar da eyni mərkəzdən idarə olunurlar. Bu cür gərgin mübarizə şəraitində Türkiyənin geosiyasi gələcəyi üzərində geniş düşünməyə ehtiyac görürük.

Liviya: Haftara verilən göstərişlərin təhlükəli məqamları

Avropa.info newtimes.az-a istinadən xəər verir ki, Türkiyənin geosiyasi nüfuzu daha da yüksəldikcə onun ətrafında müəyyən oyunlar qurulur. Öncələr də belə bir proses gedirdi. Lakin indi Ankara geniş bir geosiyasi məkanda öz müstəqil iradəsini daha qətiyyətlə ortaya qoyur. Bir sıra dairələr isə bununla barışmaq istəmir. Bu səbəbdən də son dövrlərdə həm ölkə daxilində, həm də xaricdə düşündürücü hadisələr baş verir. Onların coğrafiyası çox genişdir və aralarındakı bağlantıları görmək asan məsələ deyil.

Türkiyəyə qarşı Liviyada feldmarşal Xəlifə Haftarın müharibə elan etdiyi barədə mətbuat geniş yazır. X.Haftar Amerika və Fransaya yaxın adam sayılır. Uzun müddət ABŞ-da yaşayıb və MKİ ilə əməkdaşlıq etdiyi haqqında informasiyalar mövcuddur. Hazırda onun tabeliyində 37 min döyüşçü olduğu deyilir. X.Haftar Liviyanın beynəlxalq aləmdə tanınmış hakimiyyətinə müxalifdir. O, bir neçə ay əvvəl paytaxt Tripolini tutmaq üçün çalışmağa başlayıb. Lakin son günlərdə Tripoliyə sadiq qüvvələr X.Haftarın Giryan şəhərindəki mövqelərini darmadağın edib və hətta onun əsas qərargahını belə dağıdıb. Ekspertlərə görə, bununla da feldmarşalın paytaxtı tutmaq planları iflasa uğrayıb. Onun özünə gəlməsinin çətin olacağını proqnozlaşdırırlar.

Ancaq bu proseslərdən qəribə bir sonuc da ortaya çıxdı. Giryanın itirilməsində X.Haftar Ankaranı günahlandırdı. "Çılığın türklər", sən demə, Liviyada rəsmi orduya yardım edib, gənclərə təlim keçib və onlar da X.Haftarın ordusunu qaçmağa məcbur ediblər. Hətta haftarçılar ağır silahları qoyub qaçıblarmış. Bundan qəzəblənən X.Haftar bəyan etdi ki, Liviyadakı bütün türklər hədəfdədir. 6 nəfər türk dənizçini həbs etdilər. Ankara çox sərt reaksiya verərək X.Haftara girovları azad etməsi üçün 72 saat vaxt verdi. 48 saata X.Haftar türkləri azadlığa buraxdı. Məsələ bununla bitmir. Ekspertlər bütün bunların, əslində, prinsipial geosiyasi əhəmiyyət daşıyan prosesin yalnız görünən fraqmenti olduğunu bildirirlər.

Belə ki, əsas hədəf Aralıq dənizidir. Liviya isə buraya açılan strateji qapıdır. Liviyada yeri olmayan gücün Aralıq dənizində də yeri yoxdur. Təbii ki, Türkiyə region dövləti kimi Aralıq dənizində söz sahibi olmağa can ata bilər. Deməli, Liviyada baş verənlərin dolayısı ilə Türkiyəyə də aidiyyəti var. Orada isə Qərb və Yaxın Şərqin ABŞ-ın təsiri altında olan bir sıra ölkələri öz oyunlarını aparmağa çalışırlar. Bununla da iki böyük güc (Qərb və Türkiyə) Liviyada qarşı-qarşıya durmuş olurlar.

Hələlik Türkiyə üstün görünür. Liviyada X.Haftara endirilən güclü zərbə əks tərəfi çaş-baş salıb. Lakin onlar sakit dayanmır, feldmarşal X.Haftarın dili ilə zaman-zaman təhdidlər yağdırırlar. Ankara da təmkinlə onların hamısına cavab verir. Eyni zamanda, digər iki istiqamətdə də Türkiyə üçün problemlər yaratmağa çalışırlar. Onlardan əsası Kipr ətrafında baş verənlərdir.

Daha böyük plan: regionda risklərin artan dinamikası

Hələ bir neçə ay öncə ABŞ başda olmaq üzrə onun bir sıra tərəfdarları Kiprin yunan hissəsinin sularında enerji axtarışlarına başladılar. Bu zaman Türkiyə adanın türk kəsiminin marağının ödənməsi şərtini qoydu. Cavab isə nəinki müsbət olmadı, hətta Türkiyəyə qarşı bəzi müsəlman ölkələrin də daxil olduğu qrup yaratdılar. Həmin qrupda İsrail, Misir, Səudiyyə Ərəbistanı, Yunanıstan və başqaları vardır.

Ankara bu addıma da tutarlı cavab verdi. İndi Türkiyənin iki kəşfiyyat gəmisi Kiprin türk hissəsinin sularında neft-qaz axtarışını aparır. Bu, Qərbi çox hiddətləndirdi. Hətta Avropa İttifaqı işə qarışdı və Türkiyəyə xəbərdarlıq etdi. Buna cavab olaraq Ankara "gedin işinizlə məşğul olun!" məzmununda qısa və konkret cavab verdi. Aİ də daxil olmaqla, yunanların havadarları şoka düşdülər.

Rum kəsimi yenə Brüsselə şikayətləndi, son olaraq oradan sanksiya təhdidi gəldi. Lakin bunun da Ankaraya təsiri yoxdur. İndi Qərb mediası bir sıra hallarda radikal fikirlərlə dolu yazılar dərc edir. Onların başlıca məzmunu belədir: əgər Türkiyə Kipr sularında enerjidaşıyıcıları axtarışlarını davam etdirəcəksə, Kipri itirəcək.

Təbii ki, belə demək asandır, lakin türk ordusu ilə üz-üzə gəlmək çox risklidir. Bunu Ankara bir daha xatırladıb. Hələlik qarşı tərəf sükut edir. Lakin problemin geosiyasi miqyası kifayət qədər genişdir. Məqsəd Aralıq dənizinin enerji ehtiyatlarına Amerikanın nəzarətini təmin etməkdən ibarətdir. Liviya məsələsi ilə Kipr ətrafında baş verənlər arasında "yeraltı" əlaqə buradan aydın olur. O cümlədən Kiprin türklər yaşayan hissəsinə naməlum mənbədən raket atılması təsadüfi görünmür. Bununla sanki Türkiyəyə mesaj verildi ki, Suriyadan sonra Liviya problemə çevrilə bilər. Deməli, faktiki olaraq, Yaxın Şərq ətrafında geosiyasi oyunlar yeni çalarlar kəsb etməkdədir.

Həm də problemin başqa bir tərəfi Suriya ilə bağlıdır. Konkret olaraq, İdlibdə Türkiyə üçün yeni çətinliklər yaratmağa çalışanlar vardır. Türk ordusunun sərt təpkisi nəticəsində bu istiqamətdə də düşmənlər uğur qazana bilmirlər. Avqustun axırında Rusiya-Türkiyə-İran sammiti olacaq. Orada İdlib məsələsi və bütövlükdə regiondakı geosiyasi vəziyyət müzakirə edilməlidir. Bununla bərabər, Türkiyə, Fransa, Rusiya və Almaniya dövlət başçılarının növbəti görüşü keçirilməlidir. Bu da çox mühüm formatdır və uğur qazanılması ehtimalı vardır.

Bu informasiyalardan görünür ki, artıq Yaxın Şərqdə bütün böyük qüvvələr Türkiyə ilə işləməyə məcburdurlar. Regionun prinsipial geosiyasi problemlərində Ankaranın iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu da təbii olaraq Türkiyəni regionun lideri statusuna gətirir və onun qlobal geosiyasi oyunçu kimi qəbul edilməsini şərtləndirir. Belə bir vəziyyət həm də Yaxın Şərqdə birincilik uğrunda mübarizəyə də əlavə intensivlik və gərginlik verir. Həmin gedişatın başqa bir əlamətini də ekspertlər qeyd edirlər.

Söhbət son zamanlar Türkiyədə bəzi siyasi qüvvələrin fəallaşmasından gedir. Onlar artıq açıq şəkildə Rəcəb Tayyib Ərdoğanı və AKP-ni ittiham etməyə başlayıblar. Müxtəlif "sənəd"lər nümayiş etdirməklə, Türkiyə rəhbərliyini müəyyən məsələlərdə ittiham edirlər. O cümlədən FETÖ-nün güclənməsində indiki hakimiyyəti ittiham edənlər vardır.

Lakin ortaya, ümumiyyətlə, maraq doğuran məsələlər çıxır. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbərlərindən olan general İlkər Başbuğun KİV-ə verdiyi müsahibələr FETÖ-nün Türkiyə dövlətçiliyi üçün nə dərəcədə böyük təhlükə olduğunu bir daha anlatmış olur. Və orada indi müşahidə edilən proseslərin dərinliyi haqqında da təsəvvür yaranır.

Bütün bunlara görədir ki, Liviya, Aralıq dənizi, Kipr məsələləri ilə Türkiyənin daxilində siyasi gərginlik yaratmağa çalışmağın eyni mərkəzdən idarə edildiyi ilə bağlı fikirlər vardır. Geosiyasi aspektdə bu hadisələrin sözsüz ki, bütövlükdə regional geosiyasi mənzərəyə təsiri ola bilər. Xüsusilə regionda başqa istiqamətlərdə də gərginlik yaradan proseslərin getdiyi məlumdur. ABŞ-İran qarşıdurması kəskin şəkildə və qəfil olaraq daha yüksək səviyyəyə keçə bilər. Həmin kontekstdə Türkiyə ətrafında aparılan oyunlarla İran faktorunun necə kəsişəcəyi maraq kəsb edir.

Bütün hallarda bir neçə istiqamətdən Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşdirildiyi aydın görünür. ABŞ-ın başçılıq etdiyi qrup öz maraqları naminə çox riskli situasiyalar yaradır. Ekspertlər hesab edirlər ki, Amerikanın enerji şirkətləri geri çəkilmək istəməyəcəklər. Hətta vəziyyət savaşa qədər gedib çıxa bilər. O cümlədən Kiprdə silahlı insidentlərin baş verməsi istisna edilmir. Bu halda Yaxın Şərqdə qeyri-müəyyənliyin daha da artması ehtimalı böyükdür. Bəzi dairələr həssas durumdan istifadə edib, İran cəbhəsində də təhlükəli addımlar ata bilərlər.

Yaranmış bu vəziyyətdə istənilən kiçik hadisənin bütöv regionu silkələyə bilməsi ehtimalı istisna edilmir. Türkiyənin inkişafının və geosiyasi yüksəlişinin qarşısını almaq, İranı zəiflətmək istəyən mərkəzlər kifayət qədər ciddi təhlükələr yaradırlar. Nəticənin necə olacağını demək çətindir. Ancaq indidən aydındır ki, Yaxın Şərq və ona yaxın regionlar riskli bir geosiyasi vəziyyətə sürüklənirlər. Bunun regionun bütün xalqları üçün faciə ilə sonuclanacağına qətiyyən şübhə yoxdur.


Oxunma sayı: 19559

Oxşar yazılar