“Bloomberg”dən Cahangir Hacıyev və arvadı ilə bağlı sensasion araşdırma: "Zamirəni qorxudan ehtimal..."

  • 11:54 - 31 İyul

Amerikanın maliyyə media nəhəngi olan “Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun arvadı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasion məqalə dərc edib.

                                                                           Cahangir Hacıyev

Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, arvadı Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxıb.

“2003-cü ildən 2015-ci ilə qədər Hacıyevlər Böyük Britaniyada tam bir varidat xərcləyiblər, - “Bloomberg” özünün uzun-uzadı hekayəsinə belə başlayır. – Onlar Londonun təmtəraqlı Naytsbric rayonundakı malikanəyə 11,5 milyon funt xərcləyiblər və daha 10,5 milyon funta məşhur Askot cıdırının yaxınlığındakı qolf meydançasını və klubunu alıblar. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi əldə ediblər. Bundan başqa, 35 kredit kartının sahibi Zamirə Londonun ən məşhur univermağı olan “Harrods”da pullarını sağa-sola səpələyib. Yalnız bir həftə ərzində o, burada zərgərlik məmulatlarına, dizayner paltarlarına və digər mallara 725 min funt xərcləyib. Eyni zamanda, 2008-ci ildə onun ərinin Azərbaycan Beynəlxalq Bankındakı maaşı illik cəmi 70 min 650 dollar təşkil edib, Zamirənin özünün isə ciddi gəlir mənbəyi olmayıb.

Lakin xərclərlə gəlirlər arasında bu cür nəhəng fərqə baxmayaraq, bir sıra vasitəçilər – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislər – cütlüyə varidatlarını və aktivlərini Böyük Britaniyaya köçürməkdə kömək ediblər”.

                                                                            Zamirə Hacıyeva

Daha sonra “Bloomberg” Cahangir Hacıyevə pulları Azərbaycandan yumaqda yardımçı olmuş şirkətlərin adlarını açıqlayır. “Bunların arasında fidusiar xidmətlər təqdim edən “Trident Trust” və multiailə ofisi adlandırılan “WernerCapital” var. Onlar Normand adalarında və Böyük Britaniyada hüquqi şəxslər yaradaraq, qolf-klubun alınmasına dəstək veriblər. Bunu NCA (Cinayətkarlıq mübarizə üzrə milli agentlik) bildirib.

Londonda yerləşən “Werner Capital” ultravarlı müştərilərə xidmət göstərən hibrid investisiya şirkətlərindən biridir. Adətən, risklər çox yüksək olduğundan, banklar belə müştərilərlə işləməkdən imtina edirlər. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc”nin keçmiş başçısı Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” bir çox xidmət növləri təklif edir – ailələrə malikanələrin alınmasında yardımdan tutmuş, vizaların alınmasına və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə daxil olmalarına qədər. Zamirə Hacıyevanın işi üzündən bu şirkət NCA-in diqqət mərkəzinə düşüb və burada belə hesab edirlər ki, London bütün dünyadan çirkli pulları özünə cəlb edir, buna görə də, pulların yuyulması ilə mübarizəyə başlayıblar”.

Gizlilik haqqına istinad edərək, Tomas Verner firmasının Hacıyevlər cütlüyü ilə münasibətlərini şərh etməkdən imtina edib. O yalnız qeyd edib ki, şirkətinin Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsi ilə heç vaxt problemləri olmayıb və NCA tərəfindən şübhələr üçün heç bir əsas yoxdur.

“Trident Trust”ın Londondakı və Hernsi adasındakı ofisləri, Zamirə Hacıyevanın vəkilləri kimi, “Bloomberg”in sorğularına cavab verməyiblər. Amerika KİV-i xatırladır ki, Cahangir Hacıyev Londonda ilk daşınmaz əmlakını 2003-cü ildə əldə edib.

“O, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkət vasitəsilə 2,5 milyon funt sterlinqə Naytsbricdə ev alıb. Halbuki, o vaxt onun maaşı 36 min dollardan da az idi.

Londonun Naytsbric rayonunda Cahangir Hacıyevin malikanəsi

Hacıyevlərin ikinci mülkü Belqreyviya adlı elit rayonda qiyməti 3,2 milyon funt olan mənzil olub. 2006-cı ildə Zamirə Hacıyeva “Harrods” univermağının loyallıq proqramına qoşulub və sonrakı 90 gün ərzində orada “Louis Vuitton” və digər firmaların mallarına 15 min funtdan çox pul xərcləyib.

2009-cu ilin dekabrında Cahangir Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vicksburg Global” adlı şirkətdən istifadə edərək, Naytsbricdəki iqamətgahını taunhausa (ayrı-ayrı girişləri olan bir neçə çoxmərtəbəli mənzilli ev – red.) çevirib. İsveçrədəki özəl “Barclays” bank şöbəsi Hacıyevə evin alışı üçün 7,5 milyon funt sterlinq məbləğində ipoteka krediti təqdim edib və bu kredit bir neçə ildən sonra tamamilə qapanıb. Sənədləşdirmə ilə “Mishcon de Reya LLP.” şirkəti məşğul olub.

2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin hesabata görə, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib ki, bu məbləğə digər İsveçrə bankı olan “Bordier&Cie”də qorunan 4,5 milyon və Azərbaycanda iki iqamətgah, Sardiniyada 15 milyon dollarlıq villa daxil edilib. Eyni zamanda, siyahıda Londonun cənub-qərbində yerləşən Sent-Corces-Hill adlı nüfuzlu yaşayış məntəqəsində Uorreners adı altında 1,5 akrlıq (1 akr = 0,405 hektar) torpaq sahəsi olub. Bunun qiyməti 3,7 milyon funtdur”.

2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb bir sövdələşməni həyata keçirməyə kömək edib – Berkşirin kənd yerində, yaşıllıq ərazidə yerləşən, 170 akr ərazisi olan “Mill Ride & Country Club” qolf-klubunun alışı.

“Bu məqsədlə “MRGC 2013” və “NaturaLtd.” şirkətləri yaradılıb ki, bunlar sənədlərə əsasən, Hernsidə yeləşirlər. Öz növbəsində “Natura” şirkəti “Western House Nominees” adlı hüquqi şəxsə məxsusdur, - “Bloomberg” davam edir. – Bunlar hamısı isə “Trident Trust” şirkətinin hissələri olub. Elə həmin ilin sentyabr ayının 9-da “Natura” qolf-klubu 10,5 milyon funt sterlinqə alıb.

Həmin qolf klubu

2016-cı ildə Cahangir Hacıyev həbs edildikdən sonra Zamirə “Christie's” hərrac evi vasitəsilə özünə aid “Cartier”, “Boucheron” və “Van Cleef &Arpels” kolleksiyalarından olan zinət əşyalarını satmağa başlayıb. 2016-cı ilin iyun ayına qədər o, 1,5 milyon funt toplayıb.

2016-cı ilin aprelində Böyük Britaniyada yerli şirkətləri sxemə neçə vasitəçi şirkətin daxil olmasından asılı olmayaraq, son sahibkarlar barədə informasiyanı publik açıqlamağa məcbur edən qanun qəbul edilib.

Elə həmin il “MRGC 2013” şirkəti 6 səhifəlik sənəd təqdim edib ki, həmin sənədə görə, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin azı 75 faizinə nəzarət edir. Lakin qanun qüvvəyə mindiyi gün Zamirəni Kiprdə yerləşən hüquq firmasının başçısı Andreas Georgiu əvəz edib”.

2017-ci ildə Hacıyevlərin adından “Mill Ride” qolf klubunun sahibi olan “Natura” şirkəti Londonun “Savills” firmasından daşınmaz əmlakı 14,5 milyon funta satmağı xahiş edib. Lakin kompleks yoxlama aparıldıqdan sonra “Savills” bu işlə məşğul olmaqdan imtina edib.

Ötən ilin payızında Zamirə Hacıyevanın qızı Leyla Mahmudova  “Christie's”ə zərgərlik məmulatlarının növbəti partiyasının qiymətləndirilməsi xahişi ilə müraciət edib. “Boucheron” markalı sapfir boyunbağı 100 min funt, “Van Cleef&Arpels” markalı mirvari boyunbağı 20 min funt həcmində qiymətləndirilib. Bu məbləğ onun ilkin qiymətindən (250 min funt) xeyli aşağıdır. Cahangir həmin boyunbağını 10 il əvvəl İsveçrədən almışdı. NCA zinət əşyalarını müsadirə edib. “Christie's”, Leyla Mahmudovanın vəkili kimi, şərh verməkdən boyun qaçırıb.

Zamirə Hacıyevanın zinət əşyaları

“Lakin Zamirə Hacıyevanı daha çox Azərbaycana ekstradisiya olunması ehtimalı qorxudur ki, burada onu ərinin aqibəti gözləyir. İyun ayında məhkəmə iclasının gedişində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanı pulların yuyulmasında ittiham edərək, onu mütəşəkkil cinayətkar qrupun üzvü adlandırıb. Zamirə məhkəmənin qərarını Naytsbricdəki evində gözləyir”, - Amerika KİV-i məqaləsini yekunlaşdırır.

Xatırladaq ki, Zamirə Hacıyeva Böyük Britaniyada pulların yuyulmasına qarşı yeni qanunun tətbiq edildiyi ilk əcnəbi olub. O, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) tərəfindən qanunsuz əldə olunmuş vəsaitlərin leqallaşdırıklması ilə mübariqə üzrə qanun çərçivəsində həbs olunub.

Z.Hacıyeveya qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb və o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq məbləğidə zamin müqabilində azadlığa buraxıblar. Hacıyevlərin Londondakı əmlaklarına həbs qoyulub.


Oxunma sayı: 22210

Oxşar yazılar