ABŞ-da miqrantların sürətli deportasiyası qaydaları tətbiq ediləcək

  • 22:40 - 23 İyul

ABŞ-da miqrantların sürətli deportasiyası qaydaları tətbiq ediləcək. Yeni qaydalara görə qeyri-leqal yollarla bu ölkəyə gəlmiş insanların geri qaytarılması üçün məhkəmə qərarı tələb olunmayacaq. Əvvəllər aylar və illər sürən bu proses, indi bir neçə gün davam edəcək.

Bundan sonra ABŞ vətəndaşlığı olmayan şəxslər bu ölkənin ərazisində fasiləsiz olaraq iki il yaşadıqlarını sübut etməli olacaqlar. Əks halda, onlar məhkəməsiz deportasiya ediləcəklər. İndiyədək bu qaydalar yalnız iki həftə ərzində sərhədi keçmiş miqrantlara tətbiq olunurdu.

Amerikanın hüquq müdafiəçiləri bildirirlər ki, yeni qaydalar yüz minlərlə miqranta şamil ediləcək. Amerika Vətəndaş Azadlıqları İttifaqı yeni qaydalarla bağlı məhkəməyə müraciət edəcəyini bəyan edib.

Federal Reyestrdə dərc olunduqdan sonra yeni qaydaların bu gün qüvvəyə minəcəyi bildirilir. ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin vəzifələrini icra edən Kevin Makalinan deyib ki, bu proses ölkənin cənubundakı miqrantların saxlanılması mərkəzinin boşalmasına səbəb olacaq. Onun sözlərinə görə, bu addım getdikcə güclənən immiqrasiya prosesləri baxımından mühümdür.

CNN-in xəbərində bildirilir ki, hazırda ABŞ ərazisində 10,5 milyon sənədsiz miqrant var. Onların bir çoxunun 15 il əvvəl bu ölkəyə gəldiyi və sənədlərini rəsmiləşdirmədiyi qeyd olunur. Qanunsuz miqrantların ölkədən deportasiya edilməsi Prezident Trampın seçkiqabağı vədlərindən biridir.


Oxunma sayı: 7723

Oxşar yazılar