Məhkəmə cinayət işini istintaqa qaytarıb, müstəntiq barəsində xüsusi qərardad çıxarılıb

  • 18:36 - 23 İyul

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən deputatılığa keçmiş namizəd Xalidə Şirəlizadə, onun qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Cakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə X.Şirəlizadənin vəkili Emil Bədəlov cinayət işinin istintaqı zamanı prosessual pozuntulara yol verildiyini deyərək işin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib.

Prokuror da vəsatəti dəstəkləyib və Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Nayıbovun əməlinə hüquqi qiymət verilməsi məsələsini qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və cinayət işinin istintaqını aparmış müstəntiqin əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər işə düzəltmək və başqa vədlərlə vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilirlər.

İstintaq orqanı tərəfindən onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən üç nəfərdən ikisi bundan öncə də məhkum edilib. F.Şirəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay, Suliddin Məmmədov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar hələ o cəzalarını çəkib qurtarmayıblar.

X.Şirəlizadə isə həbsdə deyil, istintaq dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

 

 

 

report


Oxunma sayı: 6777

Oxşar yazılar