Müəllimlərin işə qəbulu imtahanları başa çatır

  • 14:12 - 23 İyul

İyulun 23-də kimya, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, imtahanlarda 1463 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, iyulun 8-dən etibarən keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova kimya fənni üzrə maksimum nəticə göstərərək 60 bal toplayıb.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

İmtahanlar iyulun 24-dək davam edəcək.


Oxunma sayı: 10814

Oxşar yazılar