Aksiya keçirən jurnalistlərlə bağlı Mətbuat Şurasından açıqlama

  • 10:47 - 23 İyul

İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda bir neçə media təmsilçisi Mətbuat Şurasının qarşısında aksiya keçirib. Onlar jurnalist fəaliyyətlərinin məhdudlaşdırılması barədə çıxış edib, bu məhdudiyyətlərinin aradan qaldırılmasını tələb ediblər.

Mətbuat Şurasının sözçüsü Əvəz Rüstəmov Modern.az-a açıqlamasında qeyd edib ki, qurumun belə bir aksiyanın keçiriləcəyi ilə bağlı heç bir məlumatı olmayıb:

“Bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirərək, iddia edirdilər ki, onların fəaliyyətinə məhdudiyyətlər edilir. Jurnalistlər bu məhdudiyyətlərə son qoyulması tələbi ilə çıxış edirdilər. Biz məsələni araşdırdıq və məlum oldu ki, onlar üzləşdikləri problemlə bağlı Şuraya heç vaxt məlumat verməyiblər. Adətən jurnalistlər hər hansı problemlə üzləşəndə, anlaşılmazlıq yaşayanda bununla əlaqədar Mətbuat Şurasına məlumat verirlər və məsələ Şuranın müvafiq komissiyaları tərəfindən araşdırma aparılır. Bu prosedur narazı jurnalistlərin də diqqətinə çatdırıldı. Düşünürəm ki, onlar Şuranın bu mövqeyindən razı qaldılar. Hər halda özləri ilə dəqiqləşdimək daha düzgün olar”.

Qeyd edək ki, həmin jurnalistlər səhər saatlarında Daxili İşlər Nazirliyinin önündə də aksiya keçiriblər. DİN-in açıqlamasına görə hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.


Oxunma sayı: 6491

Oxşar yazılar