Magistraturaların boş qalan yerlərinə qəbul elan edildi

  • 10:30 - 23 İyul

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir.

2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may tarixlərində keçirilən ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Dövlət İmtahan Mərkəzindən (DİM) Avropa.info-ya verilən məlumata görə, 2019-cu ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 23-ü saat 10:00-dan iyulun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinədaxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilən ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.


Oxunma sayı: 5182

Oxşar yazılar