Prezident və birinci xanım XV EYOF-un təntənəli açılış mərasimində iştirak edib

  • 21:41 - 21 İyul

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimi bütün iştirakçı ölkələrin bayraqlarının dalğalandırılması ilə başa çatıb.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

***20:57

Bakı Kristal Zalında XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir mərasim iştirakçıları və qonaqların salamlanması ilə başlayıb. Arenadakı böyük monitorda XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan haqda dolğun fikir formalaşdıran video-rolik nümayiş etdirilib. Ardınca isə tamaşaçıların gur alqışları altında Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağını səhnəyə gətirib və Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib. Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Azərbaycan bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.

Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kotsiyançiç çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Y. Eyyubov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu deyib. O bildirib ki, ölkənin idman siyasəti ümummilli lider Heydər Əliyevtərəfindən qoyulub və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin bir sıra mötəbər yarışlara ev sahibliyi etdiyini vurğulayan baş nazirinin birinci müavini qeyd edib ki, Azərbaycanın bütün regionlarında idman infrastrukturları mövcuddur.

Y. Koçyançiç bildirib ki, Avropa Olimpiya Komitələrinin üzvləri olaraq bizim üçün Bakıya – Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir: "Dörd il əvvəl ilk Avropa Oyunlarını sizin köməyinizlə gerçəkləşdirdik. Oyunlar bizə möhtəşəm təcrübə verdi və bu yaxınlarda Minskdə keçirilmiş II Oyunlardan sonra qərara aldıq ki, III Oyunlar Polşanın Krakov şəhərində və Malopolska regionunda təşkil edilsin. Beləcə, yeni ənənəmiz davam etsin. Əminliklə deyə bilərəm ki, sizinlə birgə yeni Avropa Olimpiya İrsinin bünövrəsini qoymuşuq. Sizin təşkilati bacarığınıza və sədaqətinizə heç şübhəmiz yox idi. Qətiyyətiniz və könüllülərinizin iş keyfiyyəti, dostluğunuzdan yaxşı xəbərimiz var. Biz onu da bilirik ki, ölkənin edə biləcəyi ən uğurlu investisiya məhz gənclərə edilən investisiyadır”.

Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.

Daha sonra olimpiya çempionları Avropa Olimpiya Komitələrinin bayrağını qaldırıblar.

Festivalın məşəlini isə yunan-Roma güləşi üzrə olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov gətirib və alovlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.

***20:30

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimində idmançıların paradı gerçəkləşib.

"Report"un məlumatına görə, Azərbaycan millisi yarışın ev sahibi kimi paraddan sonuncu keçib. Bayrağı 15 yaşlı cüdoçu, yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov daşıyıb. Onu yığmanın digər idmançıları və rəsmi şəxslər müşayiət ediblər.

“Crystal Hall”da təşkil olunan açılış mərasiminin paradında Olimpiya ənənəsinə uyğun şəkildə Yunanıstan təmsilçiləri birinci keçiblər. Sonra isə digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Qeyd edək ki, Bakı-2019 iyulun 27-də başa çatacaq.

***20:06

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başlayıb.

"Rеport"un məlumatına görə, yeddi gün davam edəcək yarışın rəsmi açılış mərasimi Bakı Kristal Zalında keçirilir.

Açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyirlər.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarış üçün paytaxtımızdadır.

İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1991-ci ildən keçirilən festivalı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edir.

 


Oxunma sayı: 11111

Oxşar yazılar