Vilayət Eyvazov Əlahiddə xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

  • 20 İyl - 2019

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Nazirliyin digər struktur orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri, adıçəkilən alayda baş tutmuş tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 400 iddiaçının arasından daha hazırlıqlı olan 261 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

 

Sonra cənab Vilayət Eyvazov Alay əməkdaşlarının xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər, əsaslı yenidənqurma və təmirdən sonra istifadəyə verilmiş yataqxanalar və inzibati bina ilə yaxından tanış olub, ümumən görülmüş işləri müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Daha sonra nazir brifinq zalında ƏÇPA-nın komandir heyəti ilə görüşüb. O, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini xüsusilə qeyd edib.

General-polkovnik V.Eyvazov Alay rəhbərliyindən əməkdaşların, xüsusən sonuncu sıra baxışından keçərək yaxın gələcəkdə xidmətə qəbul olunacaq gənc kadrların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə tədbirlərin daha da gücləndirilməsini, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilmələrinin, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsini tələb edib.

Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan böyük etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə, xalqa və Prezidentə ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.

Tədbirə yekun vuran Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.


Oxunma sayı: 2674

Oxşar yazılar