MTN generalının həbsdə olan bacanağı bəraət istəyir

  • 14:00 - 20 İyul

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 22-nə təyin edilib.

Şikayət hakim Elmar Rəhimovun icraatına verilib.

Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Müsənnif Talıbov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttiham aktına əsasən, Müsənnif Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. Müsənnif Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Müsənnif Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sübahir Qurbanov MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovla birlikdə mühakimə olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Teymur Quliyev 12 il, Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.


Oxunma sayı: 6304

Oxşar yazılar