"Azərbaycan və Gürcüstan münasibətləri sarsılmaz qalacaq" – Müharibə veteranlarından birgə bəyanat

  • 19 İyl - 2019

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi və Gürcüstanın Əfqanıstan Müharibəsi Veteranları İttifaqı birgə bəyanat yayıb.

Avropa.info həmin bəyanatı olduğu kimi təqdim edir:

"Biz - Azərbaycan və Gürcüstanın Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının təmsilçiləri bu günlərdə Azərbaycan-Gürcüstan sərhədində, "Keşikçidağ" məntəqəsində baş verən insidentin iki qonşu dövlətin əlaqələrinə, sıx tərəfdaşlıq münasibətlərinə xələl gətirməməsi üçün hər iki ölkənin ictimaiyyətini səbr və təmkin nümayiş etdirməyə çağırırıq. Xalqlarımızın çoxəsrlik mehriban qonşuluğuna, dövlətlərimizin uzunmüddətli siyasi və iqtisadi əməkdaşlığına kölgə düşməməsi naminə bu kimi insidentlərə soyuqqanlı yanaşılması, hadisələrin ehtiyatla, hərtərəfli təhlil edilərək qiymətləndirilməsini zəruri sayaraq, emosiyalara uymamağı, xarici və daxili bədxahların, regionda sabitliyii pozmağı hədəfləyən dairələrin təxribatlarına əsla rəvac verməməyi tövsiyə edirik. Biz bir zamanlar hər iki xalqın nümayəndələrinin, Azərbaycan və Gürcüstan övladlarının Əfqanıstanda çiyin-çiyinə verərək nümayiş etdirdiyi döyüş qardaşlığı ənənələrinə söykənib bu dəyərli birlik və həmrəyliyin qorunmasını zəruri saydığımızı inamla vurğulayırıq. Həmçinin onu da bəyan edirik ki, regionun bu iki qədim və şanlı xalqının, həmçinin iki güclü dövlətinin istiqlaliyyət uğrunda, yadellilərə, xarici müdaxiləyə qarşı əsrlər boyu davam edən birgə mübarizə təcrübəsi var və bu təcrübə bizim ən dəyərli ortaq sərvətlərimizdəndir. Odur ki, hər iki xalqın nümayəndələrini, Azərbaycan və Gürcüstan vətəndaşlarını bir daha bu sərvətə layiqincə sahib çıxmağa, təxribatçılara, ara qarışdıranlara qətiyyən fürsət tanımamağa səsləyirik. Əfqanıstan savaşında od-alovdan bərabər keçmiş insanlar olaraq ürəkdən inanırıq ki, xalqlarımızın çoxəsrlik qonşuluq tarixi boyunca dəfələrlə olduğu kimi yenə də qarşılıqlı anlaşma, mehribanlıq, dostluq və qardaşlıq qalib gələcək, Azərbaycan və Gürcüstan arasındakı yüksək münasibətlər sarsılmaz qalacaq, daha da inkişaf edəcəkdir. Mövcud olan hər hansı problem isə iki dövlətin aidiyyətli strukturları tərəfindən müvafiq qaydada öz həllini tapacaqdır".


Oxunma sayı: 1189

Oxşar yazılar