Gürcüstanda “Rustavi 2”nin sahibi dəyişir

  • 16:59 - 18 İyul

Biznesmen Kibar Xalvaşi Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestrinə müxalif “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alınması ilə bağlı müraciət edib.

“Report” xəbər verir ki, müvafiq sənədi biznesmenin vəkili Paata Salia qeydiyyatdan keçirib.

Müraciətə əsasən, “Rustavi 2”nin səhmdarlarının paylarının dəyişdirilməsi tələb olunur.

Hazırda televiziyanın səhmdarları “Gürcüstan telekompaniyası” MMC (51%), Levan Karamanişvili (22%), Giorgi Karamanişvili (18%) və Nino Nijaradzedir (9%).

Avropa İnsan Hüquqları Məhkəməsinin bugünkü qərarı ilə “Rustavi 2”nin vəkillərinin Gürcüstan məhkəmələrinə qarşı iddialarının heç biri qəbul olunmayıb. Gürcüstanın Ali Məhkəməsi 2017-ci ilin martında iki aşağı instansiya məhkəməsinin teleşirkətin Kibar Xalvaşiyə verilməsi barədə qərarlarını qüvvədə saxlayıb.

“Rustavi 2” televiziyasının qərardan şikayət vermək hüququ var.

Kanalın baş direktoru Nika Qvaramia Avropa Məhkəməsinin qərarını ağlasığmaz adlandırıb. O, Ədliyyə Nazirliyindən Strasburq məhkəməsinin qərarından şikayət etmək müddəti başa çatmayana qədər “Rustavi 2”nin K.Xalvaşinin adına qeydiyyata almamağa çağırıb.

Qeyd edək ki, K.Xalvaşi 2004-2006-cı illərdə “Rustavi 2”nin sahibi olub. O, Gürcüstanın hazırkı hakimiyyətinə qarşı loyallığı və İvanişviliyə yaxınlığı ilə seçilir.


Oxunma sayı: 5259

Oxşar yazılar