450 minlik bağı və evi ələ keçirib qaçmışdı - Prokuror ağır cəza istədi

  • 18 İyl - 2019

Tanışının bağını və evini ələ keçirməkdə ittiham edilən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli çıxış edib.

Prokuror Mahir Niftəliyevin əməlinin məhkəmə istintaqı dövründə sübuta yetirildiyini bildirib və buna görə də ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Dövlət ittihamçısı zərərçəkmişə vurulan zərərin müəyyən hissəsinin ödənilməsinin yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Mahir Niftəliyevin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə iclası iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, M.Niftəliyev tanışı Vidadi Sultanova qarşı dələduzluq edib. Onun bağ evini və yaşayış binasında olan mənzilini satmaq adı ilə ələ keçirib.

Bununla da M.Niftəliyevə 450 min manat zərər vurub.

Bildirək ki, 2018-ci ilin noyabr ayından baxılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən M.Niftəliyev son məhkəmə proseslərində iştirak etmirdi. O, həbs ediləcəyini bildiyi üçün məhkəmədən qaçmışdı.

Bu səbəbdən may ayında onun barəsində axtarış elan edilib və icraat dayandırılmışdı. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Niftəliyevi saxlayaraq aidiyyəti üzrə təhvil verib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Mahir Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.  


Oxunma sayı: 1200

Oxşar yazılar