ABŞ S-400-lərlə bağlı qərarını verdi – Türkiyə F-35 proqramından...

  • 11:15 - 18 İyul

Türkiyənin Rusiyadan S-400 HHM sistemləri alması ilə bağlı bəyanat yayan ABŞ Müdafiə Nazirliyi Türkiyənin F-35 proqramından çıxarıldığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Pentaqonun keçirdiyi mətbuat konfransında nazirliyin katibi Ellen Lord Türkiyə ilə bağlı bu sözləri deyib:

“Türkiyənin F-35 proqramında iştirakını təxirə salma prosesini başladırıq. Türkiyə bu qərarından dolayı iş imkanlarını və iqtisadi fürsətləri itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollar itkisi olacaq. 

Türkiyə yaxın NATO müttəfiqi olmağa davam edir və hərbi əməkdaşlığımız güclüdür. Türkiyə ilə əlaqələrimiz çoxqatlıdır və F-35 ortaqlığında daha irəlidir. Türkiyənin proqramdan çıxarılması 500 ilə 600 milyon dollara başa gələcək. Hazırda Türkiyənin proqramdan çıxarılması ilə formalaşan hissə əskikliyini kompensasiya etməyə istiqamətlənmişik”.

Türkiyənin F-35 proqramından çıxarılması ilə yanaşı 31 iyuldan etibarən ABŞ-da təlim keçən türk pilot və texniki personal da bu ölkəni tərk edəcək.

“Türkiyə NATO üzvü kimi qalmağa davam edəcəkmi?” sualına “Türkiyə köklü ölkədir, bu bizim verə biləcəyimiz qərar deyil” cavabı verilib.

Ağ Evdən verilən bəyanatda isə S-400-lər üzündən Türkiyənin artıq F-35 layihəsinin bir hissəsi olmayacağı qeyd olunub:

“ABŞ Türkiyə ilə strateji münasibətinə hələ də çox dəyər verir. NATO müttəfiqi kimi münasibətlərimiz çoxqatlıdır və sadəcə F-35-lərə bağlı deyildir.

Təəssüf ki, Türkiyənin Rusiyadan S-400 HHM sistemləri almaq qərarı bu ölkənin F-35 layihəsi ilə davam edən münasibətini imkansız edir. F-35-in son texnoloji qabiliyyətlərini öyrənmək məqsədilə istifadə oluna biləcək rus kəşfiyyat məlumatı yığmaq platforması ilə eyni yerdə ola bilməz.

ABŞ hava müdafiə ehtiyaclarını ödəmək üçün hava müdafiəsi həlli yollarını təqdim etmək məqsədilə Türkiyə ilə fəal formada işləməkdədir. Hökumətimiz “Patriot” HHM sistemlərini alması üçün Türkiyəyə bir çox təklif verib. Türkiyə uzun müddətli və etibarlı ortaqdır və 65 ildən artıqdır ki, NATO müttəfiqidir, fəqət S-400-ləri alması NATO müttəfiqlərinin rus sistemlərindən uzaq durmaqla bağlı bir-birinə verdiyi sədaqət vədinə ziyan verir”.

Bəyanatda Türkiyənin S-400 sistemləri almasına baxmayaraq bu ölkə ilə əməkdaşlığın davam edəcəyi qeyd olunub.


Oxunma sayı: 8823

Oxşar yazılar