NATO-nun məxfi hesabatı dərc olundu - İncirlik bazasında nüvə başlıqlarının olması təsdiqləndi (Foto)

  • 16:41 - 17 İyul

Fransanın AFP xəbər agentliyi NATO Parlament Assambleyası Müdafiə və Təhlükəsizlik Komitəsi üçün hazırlanan hesabatda Türkiyə ilə birgə 6 Avropa ölkəsindəki hərbi bazalarda əksəriyyəti B-61 tipli bomba olmaqla 150 ədəd ABŞ istehsalı nüvə silahının gizlədildiyi məlumatının yer aldığını bildirib.

Avropa.info xəbər verir ki, kanadalı senator Cozef Dey tərəfindən hazırlanan hesabatda nüvə silahı olan bazalar kimi Türkiyədəki İncirlik, Belçikadakı Klayne Broqel, Almaniyadakı Büxel, İtaliyadakı Gedi-Torre ilə Aviano və Hollandiyadakı Volkel göstərilir.

Aprel ayında yazılan hesabatın bir abzasının keçən həftə çıxarıldığı bildirilir. “Nüvə silahının yeni dövrü? Modernləşmə, silahlanmaya nəzarət və müttəfiq nüvə qüvvələr” adlı hesabatdakı məlumatların ABŞ-ın nüvə başlıqlarının lokasiyasına dair araşdırmanı dərc edən “Bulletin of the Atomic Scientists” elmi jurnalına istinad edildiyi təxmin edilir. 

Ancaq NATO rəsmiləri bəhs edilən hesabatdan yayınaraq hesabatın rəsmi NATO sənədi olmadığını qeyd ediblər. Adının hallanmasını istəməyən mənbə “Washintgon Post” qəzetinə müsahibədə alyansın nüvə məsələləri ilə bağlı şərh verməyəcəyini deyib.

NATO üzvləri arasında ABŞ, İngiltərə və Fransa nüvə silahlarına malikdirlər. Nüvə təhdidi alyansın qarşısını alma strategiyasında mühüm rol oynasa da, NATO bu məsələ ilə bağlı detallı açıqlama vermir.

Hesabatdan çıxarılan hissə Belçikada müzakirələrə səbəb olub. Müxalifətdəki Belçika siyasətçiləri ölkədə ABŞ-a məxsus nüvə silahı olub-olmamasına dair hökumətdən açıqlama tələb edir.

Belçika Müdafiə Nazirliyinin mətbuat xidməti sualları cavablandırmaqdan imtina edib.


Oxunma sayı: 5864

Oxşar yazılar