Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşdü – Foto

  • 14:13 - 16 İyul

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələr arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində yaxşı əlaqələrin olduğunu bildirib.

N.Məmmədov deyib ki, ölkələr və xalqlar arasındakı dostluq və tərəfdaşlıq münasibətləri həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar sayəsində daha da möhkəmlənib: “Əminəm ki, sizin səfəriniz də ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə öz müsbət töhfəsini verəcək”.

İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən N.Məmmədov cari ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri xatırladıb. Baş Nazir iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Baş Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.

Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Bu ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan nazir Valid bin Mohammad Al-Samaani iyulun 15-də isə Əməkdaşlıq Proqramının imzalandığını söyləyib. O, Azərbaycanın ədliyyə sahəsində tətbiq etdiyi informasiya resursları, o cümlədən “Elektron məhkəmə” informasiya sistemi ilə tanış olduqlarını bildirib.

Onun sözlərinə görə, ölkələr arasında məhkəmə-hüquq sistemi və qanunvericilik sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var: “Səfərin məqsədi də müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verməkdir”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.(AZƏRTAC)

image description

 

image description

Oxunma sayı: 4720

Oxşar yazılar