Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

  • 19:28 - 15 İyul

Penitensiar Xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən altı il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkarlanıb.

Cinayət Məcəlləsinin 170.3.2-ci, 308.1-ci, 66.3-cü, 66.4-cü və 45-ci maddələrinə əsasən səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş ülgüclü bıçaq aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4687

Oxşar yazılar