Laçında eyni gündə şəhid olan 3 dost - Foto

  • 15 İyl - 2019

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Mehman Quliyev, Raqif Tağıyev və Nəbi İsmayılovun anım tədbiri keçirilib. 

Avropa.info xəbər verir ki, tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər. 

Tədbirdə çıxış edən Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar. 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçının seçilən rayonlardan olduğunu bildirib: “Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Mehman, Raqif və Nəbi qısa, lakin şərəfli bir ömür yaşadılar. Onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Onların döyüş yolu böyüməkdə olan gənc nəslə örnəkdir. Hesab edirəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”. 

Tədirdə çıxış edən Laçın alayının qərargah rəisi olmuş Rafiq Nağıyev bildirib ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər kəsin vətəndaşlıq borcudur: 

“Biz hələ aktiv müharibəyə qədər ermənilərə yaxın kəndlərimizdə xeyli sayda şəhidlər vermişdik. Çox qısa bir zaman içərisində Laçında nizam-intizamlı hərbi hissə yarada bildik. Biz hərbi hissə olaraq formalaşa-formalaşa həm də döyüşlərdə iştirak edirdik. Ermənistanla döyüşə girmək üçün təxminən 35 km-lik təmas xəttimiz var idi. Dağlıq Qarabağın ermənilər yaşayan kəndləri ilə isə 32 kilometrlik xəttimiz var idi. Aprel ayının 30-da Elbrus Orucovun hərbi hissəmizə gələrək bizə təqdim etdiyi əmrdə göstərilirdi ki, 811 saylı Laçın alayı ləğv edilib. Laçın alayının əmrlə ləğv olunmasına baxmayaraq, sonra da döyüşləri davam etdirirdik. Mehman, Raqif və Nəbi yaxın dost idilər və eyni gündə, iyulun 14-də Laçının Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid oldular. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”. Daha sonra çıxış edən Laçın polis taborunun komandiri Çingiz Abbasov şəhidlərin xatirəsinin daim yad edildiyini, onlara və ailəsinə dərin ehtiram göstərildiyini diqqətə çatdırıb: “Azərbaycanın ən çətin anlarında hər üç dost vətəndaşlıq nümunəsi göstərərək silaha sarılıb vətənin müdafiəsinə qatılmışdılar. Şəhid olan qardaşlarımızın qanı yerdə qalmayacaq. Biz müharibə görmüş adamlarıq və Qarabağda müharibə başlayacağı təqdirdə yenidən döyüşmək əzmindəyik. Son sözümüzü Laçında deyəcəyik”. 

Qeyd edək ki, Raqif Tağıyev, Mehman Quliyev, Nəbi İsmayılov 1992-ci iyul ayının 14-də Laçın rayonunun Səfiyan, Suarası və Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub. 

Elnur Eltürk


Oxunma sayı: 1585

Oxşar yazılar