S-400-lər Türkiyəyə nə vəd edir? – Bu sistem qardaş ölkənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq (Bizim şərh)

  • 14:54 - 15 İyul

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması 2020-ci ilin aprelində başa çata bilər. "Mən ümid edirəm ki, bu ilin sonuna kimi S-400 zenit-raket komplekslərinin müəyyən hissəsi Türkiyəyə çatdırılacaq, amma bütün proses 2020-ci ilin aprelində başa çatacaq. Və bundan sonra biz böyük əminliklə yolumuza davam edəcəyik", - deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi S-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb. Videoçarx Müdafiə Nazirliyinin “YouTube”dakı rəsmi kanalında yerləşdirilib. ABŞ hökuməti isə bəyan edib ki, Türkiyəyə Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya tətbiq edəcək. Artıq yeni sanksiya paketinin hazırlandığı da açıqlanıb. Bu barədə məlumatı “Bloomberg” agentliyi özünün etibarlı mənbələrinə istinadla yayıb. Xəbərdə qeyd edilib ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq. 

Agentlik bundan başqa yazır ki, ümumi olaraq üç müxtəlif sanksiya paketi hazırlanıb. Bunların arasından ən məqsədəuyğunu seçilib. Tətbiqi nəzərdə tutulan sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı hələlik məlum deyil. "Bloomberg" agentliyi sonda bildirib ki, yaxın günlərdə rəsmi Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək. Məsələnin bu həddə gəlib çatmasında ABŞ tərəfinin xətalarının önəmli rol oynadığını qeyd etmək lazımdır. Türkiyənin Rusiyadan S-400 ZRK alması niyyəti öncədən bəlli idi. İlk vaxtlar Vaşinqton məsələni ciddiyə almadı, güman ki, onlar bu cür xəbərlərin Ankara tərəfindən qəsdən mediaya sızdırıldığını və ABŞ-a mesaj xarakterli olduğunu düşündülər. Çünki prezident Ərdoğan Suriyada öz hədəflərinə nail olmaq üçün Rusiya ilə ABŞ arasında ustalıqla manevr etməyə başlamışdı və bu uğurlu siyasətin nəticəsində əvvəlcə “Fərat qalxanı”, daha sonra “Zeytun budağı” əməliyyatları gerçəkləşdi. Vaşinqton bu siyasətdən məmnun deyildi və S-400 mövzusu ortaya çıxanda öz səssizliyi ilə sanki Ankaraya nümayiş etdirmək istədi ki, Vaşinqton buna inanmır. 

ABŞ hökumətlərinin başqa bir xətası isə odur ki, zamanında Türkiyəyə “Patriot” sistemləri satmaq üçün həvəsli davranmadılar və ABŞ Konqresi bu cür önəmli alqı-satqıya razı salmaqda çətinlik çəkəcəklərini Ankaranın nəzərinə çatdırdı. Əgər vaxtında Türkiyəyə “Patriot”ar satılsaydı, problem bu yerə gəlib çıxmayacaqdı, yaxud S-400 sövdələşməsi barədə söz-söhbətlərin yayıldığı dönəmdə bunun mümkün neqativ nəticələri hazırda olduğu kimi, konkret şəkildə Ankaranın nəzərinə çatdırılsaydı, bəlkə də Türkiyə hökuməti hər hansı sənədə imza atmadan Rusiya ilə danışıqları dayandıracaqdı. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri kefiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır. S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq: Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. 

Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S- 400 məsələsində haqlı olduğunu göstərdi. İstənilən halda, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaqlar. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Vaşinqtonun maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda, Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək. Son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. 

Rusiya NATO -nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S- 400 sistemini almaq istəyir. Bu məsələdə Rusiya önə çıxır və bütün günahları Ərdoğana yükləmək yanlışdır... 

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 11958

Oxşar yazılar