Azərbaycan futbolunda yeni oyun qaydaları - Siyahı

  • 21:40 - 13 İyul

Azərbaycan futbolunda 2019/2020 mövsümünün oyunları qaydalara edilən dəyişikliklərlə keçiriləcək.

Bu barədə "Report"a AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydaları qarşıdakı mövsümdən tətbiq edilməyə başlanacaq.

C.Cəlilov artıq hakimlər və hakim-inspektorlarla yanaşı, xüsusən Avrokuboklarda çıxış edən ölkə klublarına bununla bağlı seminarların kecirildiyini açıqlayıb: "Yeni dəyişikliklər artıq tətbiq edildiyindən, oyunlar zamanı çətinlik çəkməmələri üçün onlara seminarın kecirilməsi lazim idi. Ümumilikdə, son 4 ildə qaydalara 210 dəyişiklik edilib. Builki dəyisikliklərin əvvəlkilərdən fərqi artıq birbaşa oyuna tesir etmələridir".

Yeni qaydalar bunlardır:

1. Hücum edən komandanın oyunçusunun qol vəziyyəti yaratdığı və qol vurduğu zaman bilərəkdən və ya bilməyərəkdən əllə oynaması qayda pozuntusu sayılacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Hakimlər məşqçilərə qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələr göstərə bilərlər;

4. Qapıdan zərbə zamanı topla cərimə meydançası daxilində də oynamaq olar;

5. Hücum edən komandanın oyunçuları cərimə zərbəsi zamanı müdafiə edən komandanın canlı səddindən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.


Oxunma sayı: 7679

Oxşar yazılar