Xruşovun ikinci etdiyi, birinci olmaq eşqiylə yanan şəxs – qəflətən iflic olmasa idi SSRİ-yə o rəhbərlik edə bilərdi

  • 13 İyl - 2019

Kreml məmurları arasında sərtliyi, kobudluğu, qədərindən də artıq özünə güvənməyi ilə fərqlənən Frol Kozlov Xruşov hakimiyyəti illərində özünü həmişə ikinci şəxs kimi təqdim edib.

Əslində elə Nikita Xruşovun özü də 1961-ci ilin oktyabr ayında partiyanın 22-ci qurultayında Kozlovun Kremldəki yerini məhz ikinci şəxs kimi müəyyənləşdirib:

“Mərkəzi Komitədə ikinci katib statusu yoxdur. Amma faktiki olaraq bu statusu Frol Kozlov daşıyır və siz hamınız bunun şahidisiniz ki, o, bu işin öhdəsindən layiqincə gəlir...”

Bu “təqdimat”dan sonra bütün rəsmi sənədlərdə Nikita Xruşovun adından sonra Frol Kozlovun adı yazılıb, sonra isə əlifba ardıcıllığı ilə Mərkəzi Komitənin digər katiblərinin adları.

Frol Kozlov 1908-ci ildə Ryazanda anadan olub. Orta təhsil aldıqdan sonra toxuculuq fabrikində fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1923-cü ildə komsomol sıralarına daxil olub. Fəal ictimaiyyətçi olduğundan komsomol xətti ilə təhsil almaq üçün Leninqrad Kommunist Universitetinə göndərilib. Kozlov ikinci təhsilini də Leninqradda Dağ-mədən institutunda alıb.

1958-ci ilə qədər İjevskdə, Kuybışevdə, Leninqrad şəhərində və vilayətində partiya komitələrinin ikinci və birinci katibi vəzifələrində işləyən Frol Kozlov həmin ilin mart ayında SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunub. Öz vəzifəsi ilə yanaşı Frol Kozlov Nikita Xruşovun tapşırığı ilə onun səlahiyyətlərinə daxil olmayan dövlət əhəmiyyətli işlərin icrasına da cəlb olunub.

4 may 1960-cı ildə Mərkəzi Komitənin növbəti plenumunda Xruşovun təşəbbüsü ilə o, Mərkəzi Komitəyə katib seçilib. Katiblər arasında vəzifə bölgüsü aparılarkən Frol Kozlova daha geniş səlahiyyətlər verilib.

Kozlovun Mərkəzi Komitədə peyda olması həmkarları üçün arzuolunmaz sayılıb. Digərlərinin siyasi karyerasına kifayət qədər əngəllik yaradan Kozlov həmin dövrdə Xruşovdan sonra Kremldə əsas söz sahiblərindən biri olub. Bu məsələ gözünü birinci kürsüyə dikən Leonid İliç Brejnevi daha çox narahat edib.

Kozlov özünü ikinci şəxs sayaraq zaman-zaman bütün dövlət qurumlarının fəaliyyətinə müdaxilə edib. Vəziyyət o dərəcəyə çatıb ki, o, hətta hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin rəhbərləri ilə də istədiyi tonda danışıb.

Nikita Xruşovun səfərləri və məzuniyyəti dövründə ölkəni idarə etmək rəsmi olaraq məhz Kozlova həvalə olunub. Bu işi Kozlova həvalə etməyin nə qədər təhlükəli olduğunu Xruşova başa salsalar da, o, buna məhəl qotmayıb.

Kozlov öz kobud rəftarı, sərt münasibəti ilə şəhər, vilayət, diyar partiya komitələrinin rəhbərlərini həmişə gərgin vəziyyətdə saxlayıb. Yerlərdə buraxılan ən kiçik bir səhv onun tərəfindən “antisovet fəaliyyət” kimi qiymətləndirilib və Kozlov bu haqda yazılı surətdə Xruşova müraciət edərək, ondan ən yüksək cəza, həbs tədbirləri tələb edib.

Frol Kozlovun siyasi ambisiyaları bitib-tükənməyib. O, özünün kiçik dairəsində Xruşovdan sonra birinciliyə sahib olacağını da dilə gətirməkdən çəkinməyib. Əslində elə Xruşovun özü də onu gələcəkdə partiyanın başında dayanacaq birinci şəxs kimi görüb. Amma vaxtsız iddialar Xruşovu qıcıqlandırıb, nəhayət, növbəti məzuniyyətə yollanmazdan əvvəl o, Kozlovu kabinetinə çağırıb:

- Frol Romanoviç, bəzi dairələrdə siz az qala özünüzü partiyanın lideri kimi qələmə verirsiniz. Sizə verdiyim səlahiyyətlər heç də sizə haqq vermir ki, bütün sərhədləri aşasınız. Mən sizə xəbərdarlıq edirəm, nəzərə alın ki, sovet qanunları nə qədər humanist olsa da, sərt tərəfləri də var. Və onu da nəzərə alın ki, sizin fəaliyyətinizdəki nöqsanları heç kim görməsə də, mən yaxşı görürəm və onların hansı cəzalarla nəticələnəcəyini siz daha yaxşı bilirsiniz.

Özündən də kobud olan Xruşovun bu xəbərdarlığına Kozlov heç bir cavab verməyib, bəraət üçün söz tapmayıb.

Artıq Xruşovu da özünə rəqib sayan Kozlov yeni planlar haqqında düşünüb. Mərkəzi Komitədə mövqeləri daha möhkəm olan və gələcəkdə ona mane ola biləcək Leonid İliç Brejnevi və Nikolay Podqornını sıradan çıxarmaq üçün bəhanələr axtarıb. Ancaq səhhəti ilə bağlı qəfil yaranan problem Frol Kozlovun iyrənc və xəyanətkar planlarını yarımçıq qoyub.

11 aprel 1963-cü ildə Mərkəzi Komitənin iclasını keçirən Kozlov gərgin iş günündən sonra bağına gedib. Axşamüstü həyətdə gəzintiyə çıxanda o, qəfil huşunu itirərək yıxılıb. Xüsusi həkim briqadası dərhal bağa yollanıb. Müayinələrdən sonra məlum olub ki, Kozlov sağ tərəfin iflici ilə nəticələnən insult keçirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Sonra o da məlum olub ki, Frol Kozlovun əmək fəaliyyətini bərpa etmək mümkün olmayacaq.

Bir neçə gündən sonra Xruşov Siyasi Büronun iclasında Kozlovla bağlı “mərhəmətli” qərarını verib: “Biz Frol Kozlovu bu vəziyyətində vəzifəsindən azad etsək, bu, ona daha pis təsir edəcək. Odur ki, təklif edirəm ki, bu məsələni hələ ki, gündəliyə çıxarmayaq. Onun vəzifələrinin icrasını isə müvəqqəti olaraq Leonid İliç Bejnevə həvalə edək...”

Beləliklə, bir müddər Kozlov xəstəxanada, Brejnev isə Mərkəzi Komitədə daha bir pillə yuxarıda qərarlaşıblar.
Ancaq bu qeyri-müəyyən vəziyyət də uzun çəkməyib. 1964-cü ildə Xruşovun devrilməsindən sonra Mərkəzi Komitənin noyabr plenumunda Flor Kozlov tutduğu bütün vəzifələrdən azad olunub. “Hörmət” əlaməti olaraq onu xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə işdən azdan edib fərdi təqaüdə göndəriblər.

İddialı siyasətçi 1965-ci il yanvarın 30-da, 56 yaşında keçirdiyi infarkdan vəfat edib. Frol Kozlovun nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com


Oxunma sayı: 5160

Oxşar yazılar