Bakı kəndləri üçün şad xəbər: Müasir komfortlu avtobuslar gələcək

  • 13 İyl - 2019

"BakuBus” avtobuslarının uzun müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hələ də Bakıətrafı kənd və qəsəbələrdə köhnə avtobuslardan istifadə olunur. 

Bu barədə "Yeni Sabah” a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların alınacağını bildirib: 

"Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşımada  həm keyfiyyət, həm təhlükəsizlik baxımından göstərilən xidmətin artırılması bizim əsas prioteritetlərimizdən biridir. Bu həm Bakı Nəqliyyat Agentliyinin prioritetidir, həm də cənab Prezidentin də agentliyin qarşısına qoyduğu əsas vəzifələrdən biridir. 

Bakının bütün ərazisində, xüsusən də ətraf kənd və qəsəbələrdə sərnişinlərimizə müasir standartlara cavab verən, həm təhlükəsizlik, həm də xidmət baxımdan yüksək keyfiyyətə sahib olan sərnişindaşıma xidməti göstərilməlidir. Bilirsiniz ki, bu il avtobus parkının yenilənməsi işləri aparılır və növbəti aydan etibarən  paytaxtımıza yeni, müasir komfortlu avtobuslar gələcək”. 

M. Ağayevin sözlərinə görə avtobuslar Prezidentin ötən il imzaladığı sərəncama uyğun olaraq alınacaq: "300-ə qədər yeni avtobus alınacaq. Həmin avtobusların ilk partiyası gələn ay paytaxtımıza gətiriləcək. Bunların hansı marşrutlar üzrə xəttə buraxılması ilə bağlı müzakirələr aparılır, müəyyən tədbirlər görülür. 

Müzakirə olunan istiqamətlər arasında Bakıətrafı kənd və qəsəbələr də var. Fəqət bir məsələ var ki, o ərazilərə avtobus istismara verilən zaman orada yol infrastrukturu nəzərə alınacaq. Hansı yerlərdə yol infrastrukturu uyğundursa, imkan verirsə, həmin istiqamətlərə yeni gətirilən avtobusların istifadəyə verilməsi planlaşdırılır”.

Mətbuat katibi prosesdə vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirildiyini bildirib: "Bu prosesə kompleks yanaşma nümayiş etdirilir. Dayanacaqlar Bakı Şəhər İcra hakimiyyəti tərəfindən Nəqliyyat Agentliyinə qısa müddətdir ki, təhvil verilib. Hazırda dayanacaqların təmir işləri aparılır, çatışmazlıqlar aradan qaldırılır. Uyğun olmayan yerlərdəki dayanacaqlar ləğv edilir, ehtiyac olan yerlərdə yeniləri təşkil olunur. Bu işlər kompleks şəkildə icra olunur. Sadəcə avtobus gətirməklə iş bitmir. Ümumi işlər görülür. Daxil olan vətəndaş müraciətləri də bu məsələlərdə mühüm yer tutur. Marşrut xətləri təşkil edilərkən, hərəkət sxemində hər hansı bir dəyişiklik olunduqda mütləq şəkildə vətəndaş müraciətləri nəzərə alınır”.


Oxunma sayı: 848

Oxşar yazılar