Bakıda Fransanın milli bayramı qeyd edilib

  • 23:21 - 12 İyul

Fransanın milli bayramı münasibətilə iyulun 12-də Bakıda rəsmi qəbul təşkil edilib. 

Əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib. 

Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Son illərdə ölkələrimiz arasında əlaqələrin möhkəmləndiyini qeyd edən səfir bildirib ki, yüksək səviyyəli səfərlər bu işdə mühüm rol oynayıb. Fransa ilə Azərbaycan arasında siyasi dialoqun daha da gücləndiyini vurğulayan Aurelia Buşez Azərbaycan Prezidenti İlham Əliyevin Parisə son səfərinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq baxımından önəmli olduğunu deyib. 

Ölkəmizin Xəzər regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını deyən diplomat Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinə toxunub. O, bu layihələrin Avropa ilə Asiyanın birləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Azərbaycanın Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Fransa xalqını milli bayram münasibətilə Azərbaycan hökuməti adından təbrik edib və ən xoş arzularını çatdırıb. X.Xələfov qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrindən biridir. Azərbaycanın Fransa ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini deyən nazir müavini hələ müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin ilk xarici səfərini məhz Fransaya etdiyini xatırladıb. 

Xələf Xələfov Azərbaycan ilə Fransa arasında sıx dostluq münasibətlərinin olduğunu, əlaqələrin bütün sahələri əhatə etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə arasında çox fəal siyasi dialoq aparılır. Azərbaycanın Xarici İşlər Nazirinin müavini son illərdə ölkələrimiz arasında humanitar əlaqələrin genişləndiyini diqqətə çatdıraraq, elm və təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlığın artıq real nəticələr verdiyini vurğulayıb.


Oxunma sayı: 4709

Oxşar yazılar