Ölümlə nəticələnən qəza törədərək qaçan sürücü həbs edildi

  • 12 İyl - 2019

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün həbs edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilərək istintaqa cəlb edilmişdir.

Xəbər veridiyimiz kimi, iyulun 10-da Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində naməlum avtomobillə piyada1987-ci il təvəllüdlü Cavanşir Qənbərovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilmiş, bir sıra nəqliyyat vasitələrinə baxış keçirilərək avtomobillərin sahibləri dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1966-cı il təvəllüdlü Müslət Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi "Ford Transit" markalı, 99-DK-538 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 1101

Oxşar yazılar