Bakı Avrasiya Universitetində “Ərəbşünaslıq Mərkəzi” nin rəsmi açılışı oldu - Fotolar

  • 11 İyl - 2019

İyulun 11-də Bakı Avrasiya Universitetində “Azərbaycan və Orta Asiyada ərəb dili” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda azərbaycanlı ərəbşünas alimlərlə yanaşı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan gəlmiş tanınmış ərəbşünas alimlər də iştirak edirlər. Konfransa Səudiyyə Ərəbistanından da nümayəndə heyəti qatılıb. İki gün davam edəcək tədbirdə çoxsaylı çıxışlar nəzərdə tutulub. Əsas məqsəd Azərbaycanda və Orta Asiya Respublikalarında ərəb dilinin müasir vəziyyəti, inkişaf perspektivləri, ona mane olan amillər, qarşıda duran vəzifələri müzakirə etməkdir. Eyni zamanda iştirakçı ölkələrin ziyalıları arasında mədəni körpülər qurmaqdır.

Konfransın ilk günü Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzi arasında 6 fevral 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən yaradılmış “Ərəbşünaslıq Mərkəzi”nin rəsmi açılışı həyata keçirilib. 

Konfransın və Mərkəzin rəsmi açılış mərasiminə Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr də qatılıb. 

Bakı Avrasiya Universitetinin prorektoru Nigar Hüseynova çıxış edərkən bildirib ki, “ölkəmizdə müxtəlif adlar altında çoxsaylı Mərkəzlər fəaliyyət göstərməkdədir. Ancaq düşünürəm ki, bizim birgə səylərimizlə ortaya çıxardığımız “Ərəbşünaslıq Mərkəzi”nin analoqu yoxdur. Onun az müddət içərisində təhsil müəssisələri və tələbələr arasında yaratdığı rəğbət, həvəs, motivasiya və maraq meylləri, xüsusilə qarşısına qoyduğu məqsəd və vəzifələr bunu deməyə əsas verir və gələcəyə böyük ümidlər yaradır. 

Çox sevindirici haldır ki, ərəb dili kurslarında 80 nəfər tələbənin öyrədilməsi nəzərədə tutulsa da qısa müddət ərzində 200-dən çox müraciət daxil olmuşdur. 

Ərəbşünaslıq Mərkəzi”nin yaradılmasında əsas məqsədlərdən biri həm Bakı Avrasiya Universitetinin, həm də digər ali məktəblərin tələbələrinin ərəb dilini öyrənməsi və gələcəkdə Səudiyyə Ərəbistanının ali təhsil məktəbləri ilə tələbə mübadiləsini təşkil etməkdir. Eyni zamanda hər iki ölkənin elm, təhsil, mədəniyət sahəsində daha sıx əməkdaşlığını və tanıdılması işlərini yerinə yetirməkdir.”


Oxunma sayı: 2487

Oxşar yazılar