Daha bir yüksək vəzifəli məmurun həbsi – Rusiyada nə baş verir...

  • 11 İyl - 2019

Rusiyanın Pensiya Fondunun idarə heyətinin sədr müavini Aleksey İvanov rüşvət almaq ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” üç ayrı mənbəyə istinadən bildirir.

Pensiya Fondunun mətbuat xidməti İvanova qarşı cinayət işinin qaldırıldığını təsdiqləyib, amma onun həbsinə aydınlıq gətirməyib. “İstintaq orqanlarına lazımi dəstək göstərilir. Fond ştat rejimində işləyir. İvanova qarşı cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının müstəntiqlərinin icraatındadır”,-açıqlamada belə deyilir.

İvanova yaxın mənbə isə RBC-ya müstəntiqlərin ona baş çəkdiyini bildirib, amma həbs barədə məsələyə aydınlıq gətirməyib. Məlumata görə müstəntiqlər İvanovun kabinetindən sənədləri götürüblər, habelə Pensiya Fondunun podratçısı olan iki şirkətin ofisində yoxlama aparıblar. Bir mənbə deyib ki, İvanovu Pensiya Fondunun Vahid Dövlət Sosial Təminat  İnformasiya Sisteminin inkişafına dair tenderin elan edilməsi ərəfəsində tutublar. Bu tenderin məbləği 1.5 milyard rubla yaxındır.

İvanovun həbsi Rusiyada yüksək vəzifəli məmurların, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli əməkdaşlarının korrupsiya, rüşvət, mənimsəmə kimi cinayətlərə görə dalbadal həbs edildiyi bir vaxta təsadüf edir. Bu həbs prosesi əsasən ötən ildən başlayıb. Ekspertlərin apardıqları təhlillərə görə 2018-ci ildə Rusiyada son 27 ildə görünməmiş sayda-13 federal məmur həbs edilib. Onların arasında nazirlər, qubernatorlar, Federasiya Şurasının üzvü və s. yer alır.

Habelə güc strukturlarından generallar, polkovniklər həbs olunublar, bu günlərdə isə FTX-nin bir qrup yüksək vəzifəli zabiti quldurluq, reket, rüşvət kimi ağır ittihamlarla həbs edilib. Xarici ekspertlərə görə bütün bu həbslər post-Putin erasına hazırlıq və hakimiyyət uğrunda mübarizə ilə əlaqəli ola bilər.


Oxunma sayı: 1574

Oxşar yazılar