"Neftçi"nin baş məşqçisi: "Buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq"

  • 10 İyl - 2019

"Bir müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtlarım keçib. "Şerif”lə yaxşı uğurlar qazanmışam". 

Bunu Bakının "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin deyib. 

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sperantsa” – "Neftçi” oyunu öncəsi mətbuat konfransı keçirən italiyalı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. 

O bildirib ki, Bakı təmsilçisi güclü rəqiblə qarşılaşacaq: "Buna görə də bu ölkəyə tez gəlmişik ki, daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır”.

R. Bordin "Neftçi"nin də üstün tərəflərindən danışıb: "Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Komandanı yaxşı kökləmişik. Moldovada çempionat davam etdiyi üçün rəqibin fiziki durumu daha yaxşı ola bilər, amma biz də normal toplanış keçmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Hər biri çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin. Bura qələbə dalınca gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Baxmayaraq ki, bəzi mövqelərdə dəyişiklər olub, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. "Sperantsa” evdə oynadığı üçün ola bilər ki, ilk dəqiqələrdən pressinq tətbiq etsin. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Hər dəfə olduğu kimi, çalışacağıq gözəl oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirək". 

O, sonda qələbə qazanacaqlarına inam ifadə edib: "Azarkeşlərimiz keçən mövsüm olduğu kimi, hər zaman bizi dəstəkləyiblər. Bu da bizə əlavə motivasiya verir”.

Qeyd edək ki, oyun iyulun 11-i Bakı vaxtı ilə saat 21:00-da "Zimbru” stadionunda keçiriləcək.

APA


Oxunma sayı: 1266

Oxşar yazılar