"Bank faizlərini endirəcəyik, sələmçilər istədikləri qədər narahat olsunlar" - Ərdoğan Mərkəz Bankının sədrini işdən azad etməsindən danışdı

  • 17:44 - 10 İyul

"Faiz deyilən pul siyasətində işləri düzgün aparmayan Mərkəz Bankının rəhbərini işdən azad etdik. İndi görürəm ki, bəziləri sələmçiləri müdafiə edir. Faiz siyasətimizin necə formalaşdığını görəcəksiniz." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankının sədrini işdən azad etməsi qərarına münasibət bildirərkən deyib. Ərdoğan Mərkəz Bankının keçmiş rəhbərinə faizlərin endirilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini, lakin onun işinin öhdəsindən gəlmədiyini bildirib. 

"Bu vəzifə dəyişikliyi səbəbilə birlərinin yanaşma tərzini qəbul etməyimiz mümkün deyil. Bunun bədəlini kim ödəyəcək, siyasətçi ödəyəcək. Yeni idarəetmə sistemində prezidentin bu məsələlərə müdaxilə etmə hüququ var. Faiz deyilən pul siyasətində işləri düzgün aparmayan Mərkəz Bankının rəhbərini işdən azad etdik. İndi görürəm ki, bəziləri sələmçiləri müdafiə edir. Faiz siyasətimizin necə formalaşdığını görəcəksiniz.

İqtisadi siyasətlərində Mərkəz Bankı ondan gözlədiyimiz rolu haqqı ilə oynamış olsaydı, belə bir dəyişiklik  olmazdı. Amma orada problemlər var və bunun bədəlini bütün ölkə ilə birlikdə ödəyirik. Bunun üçün lazım olan məsləhətləşmələr apardıq, qərarımızı verdik və həyata keçirdik. 

Sələmi təkrəqəmli rəqəmlərə endirəcəyik. Faizi endirmək məcburiyyətindəyik və buna nail olacağıq. Sələmçilər bundan narahat olur. İstədikləri qədər narahat olsunlar, qərarlıyıq bu işi bitirəcəyik" - Ərdoğan belə deyib. 

Qeyd edək ki, Ərdoğan çıxışlarında bir neçə dəfə Türkiyə banklarını xalqı sələmlə yoxsullaşdırmaqda ittiham edirdi. Türkiyə prezidenti Mərkəz Bankının rəhbərindən faizlərin aşağı salınmasını tələb edirdi. Bir neçə gün öncə isə Ərdoğan Mərkəz Bankının sədrini işindən azad etdi. Ərdoğanın bu qərarı Türkiyədə bankları olan İngiltərə və müxalifət partiyası CHP tərəfindən tənqid edilib. 

Avropa.info


Oxunma sayı: 15995

Oxşar yazılar