Azərbaycan-Avropa İttifaqı əlaqələri: Siyasi münasibətlər yeni mərhələyə qədəm qoyur – Bizim şərh

  • 10 İyl - 2019

Xəbər verdiyimiz kimi, iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tuskla görüşüb. Dövlət başçısı bəyan edib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. 

“Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq",- deyə İlham Əliyev bildirib. 

Prezident onu da əla edib ki, Azərbaycan Avropa İttifaqı ilə digər sektorlarda da yaxşı əməkdaşlıq edir. “Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir", - deyə dövlət başçısı qeyd edib. 

Qeyd edək ki, Azərbaycan indiyə qədər Aİ ilə maraqlarına cavab verən bütün layihələri gerçəkləşdirib. Nəzərə alınsa ki, ölkənin əsas ixrac resursları neft-qazdır və onlarla bağlı Aİ-də və onun bazarlarında heç bir məhdudiyyət yoxdur, təkcə Cənub Qaz Dəhlizi layihəsinin həcmi tərəfdaşlıqda iştirak edən dövlətlərə üç ilə ayrılan vəsaitdən çoxdur, bu baxımdan Azərbaycan heç bir itkiyə məruz qalmayıb. 

Qeyd edək ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri gücləndirilir. Bundan başqa, hazırda Avropa İttifaqına daxil olan ölkələrə aid 1600-ə yaxın şirkət Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksək səviyyəsindən xəbər verir.

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 1200

Oxşar yazılar