Bakıda tullantıların çeşidlənməsi ilə bağlı yeni layihə - Xüsusi qutular qoyulur

  • 11:09 - 02 İyul

Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi məqsədilə yeni Konsepsiya həyata keçirilir.

Bu barədə Avropa.info-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yeni layihə ilə əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda həyata keçirilməyə başlanıb.

“Artıq iyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaqdır. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq”, - məlumatda deyilir.

Mətbuat xidmətindən bildirlilib ki, bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

“Bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırırıq. Sakinlərə prossesləri izah edilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşyuralar paylanılır. Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq”, - məlumatda deyilir.


Oxunma sayı: 13068

Oxşar yazılar