“2 xallıq zərbə vurdum, hakimlər saymadı” – Rafael Ağayev uduzduğu döyüşdən danışdı

  • 01 İyl - 2019

“Mənim mübarizə apardığım qrup digəri ilə müqayisədə daha güclü idi. Türkiyəli Erman Eltemur və   macar Qabor Harspataki ilə ardıcıl iki il finalda mübarizə aparmışıq. Digər rəqib - böyük britaniyalı Co Kellavey isə yeni idmançıdır. Onunla qarşılaşma da bir az çətin oldu. Amma qrupdan birinci yerlə çıxa bildim”. 

Avropa.info xəbər verir ki, bunu APA-nın Minskdə keçirilmiş II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində gümüş medal qazanan 5 qat dünya, 11 qat Avropa çempionu yarış barədə fikirlərini açıqlayıb:

“Yarımfinalda qarşılaşdığım estoniyalı Pavel Artamonov da gəncdir, onun döyüşlərini izləməmişdim. Hesabda geri düşsəm də, qarşılaşmanı qələbə ilə başa vurdum. Finalda isə indiyədək dörd dəfə qalib gəldiyim ukraynalı Stanislav Horuna ilə qarşılaşdım. Səhv etmirəmsə, ona 1 və ya 2 dəfə uduzmuşam. Başlanğıcda 2 xallıq zərbə vurdum. Ancaq hakimlər saymadı. Bunu bəhanə etmirəm. Ardınca 1 xal geri düşdüm. Sonra isə başıma 3 xallıq zərbə buraxdım. İkinci yeri tutdum. Nədənsə bu il məndə heç gətirmir. Hələlik qızıl medalım yoxdur”. 

R. Ağayev bildirib ki, karate Yay Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra bu idman növündə rəqabət artıb:

“Bura qızıl medal üçün gəlmişdim. Bunu bəhanə kimi demirəm - yarışa cəmi 4 gün ərzində hazırlaşmışam. Çünki Türkiyədə lisenziya yarışında 5-ci döyüşümdə zədələnmişdim. Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi. 25 gün ərzində iynə-dərman və toplardan istifadə edərək ayağa qalxdım. Cəmi 3 gün məşq edib, Minskə gəlmişdim. Özümə inam vardı, alınmadı. Bu il tilsimi qıra bilmirəm. Gələn yarışlara yaxşı hazırlaşmaq lazımdır. Uduzmağımın digər səbəbi yorğunluqdur. Bu yarışı da saysaq, keçən ildən indiyə qədər 86 döyüş keçirmişəm. Bu, normadan çoxdur. Başqa idman növlərində 20-25 döyüş olur. İki ay fasiləmiz var, dincələcəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına düşmək və qızıl medal götürməkdir”. 

Karateçimiz II Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib:

“Karate yığmamız daha çox qızıl medal qazana bilərdi. Özümdən və Firdovsi Fərzəliyevdən də qızıl medal gözləyirdim. Amma alınmadı. Rafiz Həsənov məşqlərdə ən yaxşılardan idi. Sadəcə olaraq, arenadakı aura onu sıxdı. Başda sərbəst güləşçimiz Hacı Əliyev olmaqla, medal götürən bütün idmançılarımızı təbrik edirəm. O, 26 iyunda - Silahlı Qüvvələr günündə çempion oldu və qızıl medalını əsgərlərimizə həsr etdi. Mən də istəyirdim ki, qələbəmi həmin əsgərlərimizi dünyaya gətirən, böyüdən analara həsr edim. Qismət olmadı. Gümüş də olsa, medalsız qayıtmıram”. 


Oxunma sayı: 264

Oxşar yazılar