Avropa Oyunlarının qalibi: "Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım üçün çox sevincliyəm"

  • 30 İyn - 2019

"Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım və qızıl medal qazandığım üçün çox sevincliyəm". 

Bunu Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes  APA-ya açıqlamasında deyib.

81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda Böyük Britaniya təmsilçisi Bencamin Vittakeri 3:2 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. Onun bu uğuru şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin bayrağı qaldırılıb. Bu çəki dərəcəsində bürünc medalları italiyalı Simone Fiori və ermənistanlı Qor Nersesyan qazanıb.

 

 

Avropa çempionatı statusu da daşıyan Oyunların qalibi olan A. Dominqes qələbəsindən sonra sevincini gizlətməyib. O bildirib ki, bu çempionluq uğurlu yolun başlanğıcıdır: "Azərbaycana daim məni dəstəklədiyi və mənə belə bir fürsət verdiyi üçün "çox sağ ol" deyirəm. Daim irəliyə getməyi, uğur qazanmağı düşünürəm. İnanıram ki, məşqlərimi daha səylə davam etdirib, bundan da yaxşı nəticələr qazanacağam". 

Boksçu qalib gəldiyi 5 döyüşün heç birinin asan keçmədiyini qeyd edib: "Hər bir döyüşün ağır keçdiyini düşünürəm. Çünki bu yarış Avropa çempionatı statusunu da daşıyırdı və bütün idmançılar buraya çox hazırlıqlı gəlmişdirlər. Hər qarşılaşmama sanki medal döyüşü kimi çıxırdım. Əgər hər hansı bir idmançı çempionluğu ürəkdən istəyirsə, onun üçün hər şey yaxşı olur. Yarışa belə düşüncə ilə yollandığımdan qızıl medal qazandım". 

İki titula birdən sahib olan A. Dominqes qələbələrdən sonra verdiyi əsgər salamının da sirrini açıqlayıb. Onun sözlərinə görə, bu, vəzifəsini layiqincə yerinə yetirməyinin göstəricisi olub: "Bəli, hər bir döyüşdən sonra əsgər salamı verirdim. Bu, özüm üçün də mühüm və vacib əhəmiyyət kəsb edirdi. Yəni vəzifəmi uğurla, düzgün yerinə yetirdim, hər döyüşdən qalib ayrıldım". 

Çempion Minsk-2019-un yüksək səviyyədə keçirildiyini və hansısa çətinliklə qarşılaşmadığını da sözlərinə əlavə edib: "Yarış çox gözəl şəraitdə keçirildi. Hər bir şey yaxşı idi. Təşkilatçılıqla bağlı hansısa problem olmadı və hər şeydən razı qaldım". 

Qeyd edək ki, boksçumuz Avropa Oyunlarında belaruslu Mixail Dauhalyavetsi 5:0, ukraynalı Stefan Hrekulu 3:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda italiyalı Simone Fiorini 4:1, finalda isə böyük britaniyalı Bencamin Vittakerə 3:2 hesabı ilə qalib gəlib. 


Oxunma sayı: 176

Oxşar yazılar