Xunta rejimi Trampla görüş üçün israilli lobbiçiyə 6 milyon dollar ödəyib - Sənədlər ortaya çıxdı

  • 12:47 - 29 İyun

Sudanda 30 illik Ömər əl-Bəşir iqtidarını devirən və hakimiyyəti hələ də mülki idarəçiliyə verməyən Hərbi Keçid Şurasının ABŞ prezidenti Donald Trampla görüşmək üçün Kanadanın “Dickens & Madson” lobbi şirkətinə pul ödədiyi iddia olunub.

Avropa.info xəbər verir ki, “The Globe and Mail” nəşrinin Afrika bürosunun jurnalisti Cefri Yorkun yazdığı məqalədə razılığın sübutu olan sənədlərin əldə edildiyi, müqavilənin 7 mayda imzalandığı və ödənilən pulun 6 milyon dollar olduğu qeyd olunub. Məqalədə “Sudandakı hərbi şurasının imicini şişdirmək cəhdi” ifadələri işlədilib.

Sənədlərə əsasın Sudan rejimi şirkətin təhlükəsizlik qüvvələri üçün təchizat və neft sahəsi üçün sərmayədar tapılmasını istəyir. Bundan əlavə Tramp ilə keçirilən görüşdə Rusiya və Səudiyyə Ərəbistanı ilə münasibətlərin düzəldilməsi məsələsində köməkçi rolu oynaması istənilir.

Müqavilənin mətnində şirkətin təqdim edəcəyi xidmətlər üçün bu ifadələrdən istifadə edilib:

- Sudan Respublikasının keçid dövrünü tanımanızı təmin etdiyinizdən və şuramız üçün tənzimləyici rol oynadığınızdan, siyasi hədəflərimizin faydalı inkişafı üçün siyasətin formalaşdırılmasına və tətbiqinə yardım etmək.

- Vəzifəli ruslar və digər siyasi simalarla görüşlər keçirmək.

- Amerikadan sərmayədar tapmaq.

- Əgər qəbul olunarsa Liviyadakı Xəlifə Haftarın hərbi təchizat məsələsində kömək etməsini təmin etmək.

Məqalədə Kanadanın “Dickens & Madson” şirkətinin daha əvvəl Zimbabveni 27 il idarə edən Robert Muqabe və Liviyada BƏƏ-nin dəstəklədiyi general Xəlifə Haftara xidmət göstərdiyi yazılıb. Şirkət daha əvvəl Mərkəzi Afrika Respublikasının prezidenti Fransua Bozize ilə işləyib.

Şirkətin Sudanla bağlanan müqaviləsində imzası olan şəxs isə general Məhəmməd Həmdan Daqalodur. Daqalo Sudan Hərbi Keçid Şurasının sədr müavini vəzifəsini icra edir. Keçmişdə “Janjaweed” adı ilə məlum olan yarımhərbi Operativ Dəstək Qüvvələrinin (RSF) komandiri Hemeti hərbçilərin hakimiyyəti mülki idarəçiliyə verilməsini tələb edən sudanlı etirazçılara atəş açması əmri ilə tanınmışdı.

Hərbi Keçid Şurası ərəb dünyasındakı üsyanları dünya gündəminə təqdim edən “AL Jazeera” telekanalının Xartum ofisini bağlamış və kanal əməkdaşlarını deportasiya etdikdən sonra (4 iyun) qanlı aksiyaya imza atmışdı. Etirazçılara açılan atəş nəticəsində ölü sayı 100-ü keçmişdi.

Məqalədə şirkətlə əlaqə saxlanılmağa cəhd edildiyi bildirilsə də, israilli Ari Ben Menaşenin səyahətə çıxdığı və bu səbəbdən suallara cavab verə bilməyəcəyi qeyd olunub.

Kanadalı şirkətin sahibi israilli Ari Ben Menaşe 2011-ci ildə Kanada Kəşfiyyat Təşkilatı komitə sədri Artur Porterin istefasına səbəb olan qalmaqala imza atmışdı. Ari Ben Menaşe Porter ilə Syerra-Leonedə körpü, su bəndi, bərə kimi sahələrin və digər infrastrukturların inkişaf etdirilməsi adı ilə Rusiyadan 120 milyon ABŞ dolları dəyərində pul tapmaq üçün müqavilə imzalamışdı. Məsələnin gün işığına çıxmasından sonra Porter istefa verdi.

İsrail hərbi kəşfiyyatı agenti kimi işləyən İran yəhudisi Ari Ben Menaşe 1990-cı illərin əvvəli Kanadada sığınacaq alıb.


Oxunma sayı: 19360

Oxşar yazılar