Ehsan süfrəsi açmaqdan imtina etmək günahdır? – Ekspertdən açıqlama

  • 25 İyn - 2019

Bizdə təşkil olunan yas mərasimlərinin islam dininə heç bir uyğunluğu yoxdur. Şəmkirdə həmin ailənin kəndin küçələrinə asfalt çəkdirməsi ən yaxşı ehsandır.

Bu sözləri Axar.az-a dini ekspert, ilahiyyatçı Rəsul Mirhəşimli Şəmkirin Dəllər-Cəyir kəndində doğmasını itirən bir ailənin ehsan mərasimi keçirmək əvəzinə kəndin 3 küçəsini düzəltdirməsi haqda danışarkən deyib.

R.Mirhəşimli bildirib ki, ehsan yaxşılıq etməkdir. Elə bu səbəbdən də rəhmət qazanmaq üçün yaxınını itirən hər kəs belə nümunəvi addım atmalıdır:

“Ölüm Allahın təqdiridir. Dinimizin hikməti bizə duyurur ki, hər kəs ölümü dadacaq. Məsələ bir insanın yaxınlarından kimsə dünyadan köçdükdən sonra bizim özümüzü necə aparmağımızdadır. Hər şeydən əvvəl deyim ki, bizdə təşkil olunan ehsan mərasimlərinin islam dininə heç bir uyğunluğu yoxdur. Bu mərasimlər daha çox israf məclisləridir. Bu barədə dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də mövqeyini açıqlayıb. Hər dəfə daha sadə, israfın olmadığı məclislərin təşkil edilməsi tövsiyə edilsə də, nədənsə insanlarımız israfa meyil edir.

Şəmkirdə həmin ailənin kəndin küçələrini düzəltdirməsi ən yaxşı ehsandır. Ehsan sözü yaxşılıq etməkdir. Bu ailə də belə gözəl təşəbbüslə ehsan etməklə dünyadan köçən əzizləri üçün insanların dualarını alıb. Bu yoldan istifadə edən hər kəs o ailənin dünyadan köçmüş əzizinin ruhunu rəhmətlə yad edəcək.

Allah bizə israf etməməyi, israf edənin şeytanla qardaş olduğunu buyurur. Bizim cəmiyyətdə isə dinin buyurduqlarını bir kənara qoyub, hardansa gətirilmiş israf məclislərini dini qayda kimi təqdim etmək istəyirlər”.

İlahiyyatçının sözlərinə görə, insanlar araşdırsa, görəcək ki, bizdən başqa heç bir müsəlman ölkəsində məclislərini keçirmək üçün mərasim zalları yoxdur:

“Qardaş Türkiyədə insanlar dünyadan köçmüş insanın yaxınlarının evində toplaşır, əzizini itirmiş adama təskinlik verir, dərdinə şərik olur. Bu məclislərdə uzaqbaşı çay və halva verilir qonaqlara.

Peyğəmbərimiz Hz.Məhəmməd (s) buyurur: “Dünyasını dəyişmiş insanın əzizlərini 3 gün ziyarət edin”. Allah Rəsulunun bizə tövsiyəsi həmin adamın dərdinə şərik olub, ona təsəlli etməyimizdir, yeyib-içmək məclisi qurmağımız deyil.

Hesab edirəm ki, Şəmkirdəki həmin ailənin təşəbbüsü çox gözəl təşəbbüsdür. İnsanlara bizim yas mərasimlərində olanların əksəriyyətinin israf olduğunu izah etmək lazımdır”.

Xatırladaq ki, Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğmasını itirən ailə olduqca nümunəvi addım atıb. Dünyasını dəyişən şəxsin ailə üzvləri ehsan mərasimi əvəzinə kəndin üç küçəsini təmir etdiriblər.


Oxunma sayı: 88

Oxşar yazılar