Tiflis yeni sistemə keçir: qızğın müzakirələr başladı

  • 12:37 - 25 İyun

Əgər hökumət hansısa formada birləşmiş müxalifəti parçalayacağını düşünürsə, böyük səhvə yol verir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze deyib. O, müxalifətin proporsional sistemdə seçkiylə əlaqədar vahid mövqenin formalaşdırılması üçün müzakirələrə başladığını bildirib.

Gürcüstanın Respublikaçılar Partiyasının lideri Kordzaiya hökumətin seçkini proporsional qaydada heç bir baryer olmadan keçirmək qərarının ölkədə xaos yaradacağını və hakim partiyaya müxtəlif partiyalardan olan siyasətçiləri rahatlıqla parlamentə daxil etmək imkanı verəcəyini bildirib:

“Nəticədə hökumətin öz müttəfiqlərini parlamentə yerləşdirmək və yenidən parlament çoxluğu yaratmaq imkanı yaranacaq. Hazırda vacib olan bizim dialoqa başlamağımızdır. Cəmiyyət təkbaşına qərar qəbulunu yox, dialoq istəyir. Küçələrdə ağıllı insanlar dayanırlar və onlar başa düşəcəklər ki, İvanişvili bununla nəyə nail olmaq istəyir”.

Avropa Gürcüstanı Partiyası isə proporsional sistemə keçidi böyük qələbə adlandırıb. O, cəmiyyətin hökuməti geriyə addım atmağa məcbur etdiyini bildirib.

Rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının lideri İrma İnaşvili də İvanişvilinin qərarını dəstəklədiyini bəyan edib. O, heç kimin partiyalar üçün qoyulan səs baryerinin götürülməsindən qorxmaması gərəkdiyini bildirib.

Gürcüstan Baş naziri Mamuka Baxtadze isə bu qərar sayəsində gələcəkdə Gürcü Arzusunun koalisiya hökuməti yarada biləcəyini deyib. Bununla belə Baxtadze Vahid Milli Hərəkat və ona yaxın olan partiyalarla heç vaxt koalisiyaya getməyəcəklərini deyib. Buna səbəb kimi isə o, Saakaşvilinin partiyasının dövlətə ziyan vurmasını göstərib.

Qeyd edək ki, dünən Gürcü Arzusu Partiyası 2020-ci ildə parlament seçkisinin proporsional sistemdə keçiriləcəyini açıqlayıb. Partiya həmçinin parlamentə düşmək üçün gərəkli olan səs baryerlərinin də ləğv ediləcəyini bəyan edib.

Bu vaxta qədər Gürcüstanda yarı proporsional, yarı majoritar sistem mövcud olub.

Saakaşvili artıq hökumətin qərarını dəstəkləmədiyini və bunun axmaqlıq olduğunu bildirib. O, bu qərarı dəstəkləyənlərin ya axmaq, ya da satqın olduğunu bəyan edib.

Yeni seçki sisteminin hansı formada tətbiq ediləcəyi hələlik bilinmir. Amma bu seçki sistemi Gürcüstanda yaşayan azərbaycanlılar üçün problemlər formalaşdıra bilər. Belə ki, bu seçki sistemi əsasında parlamentdə yer alan azərbaycanlıların sayı azala bilər. Qorxuya əsas səbəb odur ki, ölkə partiyaları əvvəlki ənənələrinə sadiq qalaraq azərbaycanlıları öz namizəd siyahılarına əlavə etməkdən imtina edə və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əsas üstünlüyü gürcü namizədlərə verə bilərlər.


Oxunma sayı: 5181

Oxşar yazılar