Rövnəq Abdullayev Ukrayna Milli Şurasının üzvü oldu - Prezident Zelenskinin sərəncamı ilə

  • 21:30 - 24 İyun

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, Prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Məsələn, Şuraya “Sumitomo Согр” şirkətlər qrupunun baş direktoru Kuniharu Nakamura və “Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), “Posco Daewoo Corporation”ın baş direktoru Kim Yanq-Sanq (Koreya), “DP World” şirkətlər qrupunun baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), “Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.

Ukrayna Milli İnvestisiya Şurası ölkəyə investisiyaların cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün dövlət siyasətini həyata keçirir. Şura 2016-cı ildə yaradılıb və hazırda Prezident Administrasiyasının nəzdində məsləhətçi orqan kimi fəaliyyət göstərir.


Oxunma sayı: 11275

Oxşar yazılar