PKK/HDP daxilində İstanbul seçkiləri gərginliyi : İmralı türməsindəki Öcalan "tərəfsizlik" çağırışı etdi, Karayılan və HDP İmamoğluna dəstək verdiklərini təkrarladı

  • 16:33 - 21 İyun

PKK terror təşkilatının İmralı adasında həbsdə olan lideri  Abdullah Öcalan HDP-yə məktubla müraciət edərək İstanbulda keçiriləcək bələdiyyə seçkilərində tərəfsiz qalmaları ilə bağlı müraciət edib.  

Avropa.info xəbər verir ki, Öcalanın bu çağırışı İstanbul seçimlərində CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini rəsmən açıqlayan PKK terror təşkilatının Qəndildəki liderləri və HDP tərəfindən mənfi qarşılanıb. 

PKK-nın Qəndildəki lideri Murad Karayılan Öcalanın çağırışına cavab verərək,  HDP-liləri AK Partiyanın namizədi Binəli Yıldırım əleyhinə səs verməyə çağırış edib.

“Kürdlərin əllərini vicdanlarına qoyaraq AKP-MHP-ni İstanbulda məğlub edəcəklərinə bir daha inanıram” – terrorçu Karayılan belə deyib.

Öcalanın çağırışına HDP-dən də cavab gəlib. Partiyanın həmsədrləri Pərvin Buldan və Sezai Təməlli məsələ ilə bağlı bəyanat yayıblar. Bəyanatda partiyanın  seçki strategiyası və taktikasının dəyişmədiyi, CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini bildiriblər.

"Liderimiz Öcalan da bizim kimi Türkiyənin demokratikləşməsi siyasətində israr edir. Lakin, bu demokratikləşmənin İstanbul seçkiləri səviyyəsinə endirilməyəcək səviyyədə aparılmasına tərəfdarıq. Əslində Öcalanın açıqlaması HDP-nin indiyə qədər apardığı siyasətlə üst-üstə düşür. Lakin, HDP-nin İstanbul seçkilərinə dair seçki strategiyasında və taktik addımlarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil” - terror təşkilatının siyasi qolunun açıqlamasında belə deyilir.

Qeyd edək ki, 2014-cü ildə Öcalan PKK üzvlərinə silahı buraxma haqqında çağırış etsə də, terror təşkilatı bundan imtina etmişdi. Bu hadisə həbsdə olan Öcalanın terror təşkilatı daxilində nüfuzunun heçə endiyi açıqlamalarına yol açmışdı. Siyasi şərhçilər PKK terror təşkilatı və onun siyasi qolu HDP-nin xaricdən idarə olunduğunu, bu səbəbdən də Türkiyə həbsxanasında olan Öcalanın artıq onlar üçün heç nə ifadə etmədiyi düşüncəsindədirlər. 

Avropa.info    


Oxunma sayı: 15818

Oxşar yazılar