Boris Conson və Ceremi Hant Britaniyanın baş nazir postu uğrunda mübarizə aparır

  • 23:35 - 20 İyun

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri olmaq uğrunda mübarizənin final mərhələsinə çıxıblar. Bunu Britaniya Parlamentinin İcmalar Palatasından olan tori deputatlarının iştirakı ilə keçirilən səsvermənin beşinci turunun nəticələri göstərir.

 Boris Conson 313 deputatdan 160-nın səsini qazanmaqla mövqeyini möhkəmlədib. Ceremi Hanta 77 deputat səs verib.

Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv 75 səs toplayıb və səsvermənin həlledici mərhələsinə keçə bilməyib.

Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun sonlarına qədər məlum olacaq, qalibi qalan iki namizəd arasından hakim partiyanın 160 min sıravi üzvü seçəcək.

Xatırladaq ki, mayın 24-də Böyük Britaniyanın Baş naziri Tereza Mey Brexit prosesini reallaşdıra bilmədiyi üçün əvvəlcə Mühafizəkarlar partiyasının lideri, yeni partiya rəhbəri seçildikdən sonra isə ölkənin baş naziri postundan istefa verəcəyini elan edib. Yeni lider seçkilərində ondan çox partiya üzvü namizədliyini irəli sürmüşdü. Onların arasında sərt Brexit tərəfdarı kimi tanınan sabiq xarici işlər naziri Boris Consonun şansları daha yüksək qiymətləndirilir.


Oxunma sayı: 12672

Oxşar yazılar