XİN rəhbərlərinin Vaşinqton danışıqları: Görüşdən gözləntilər – Bizim şərh

  • 14:37 - 20 İyun

Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb. Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə müzakirələr aparılıb. 

Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb. Habelə tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də görüşdə iştirak edib. 

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda bu il sayca 4-cü görüşülərini keçirəcəklər. Nazirlərin görüşlərinin sayının intensivləşməsinə baxmayaraq, bu görüşə dair gözləntilər elə də yüksək deyil. Bunun da bir neçə səbəbi var. 

Praktika göstərir ki, nazirlərin görüşü zamanı şifahi olaraq əldə etdiyi razılaşmalar həyata keçirilmir və görüşün yekunlarına dair səsləndirilən bəyanat elə bəyanat olaraq da qalır. Bunu 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə də görmək olardı. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə müəyyən razılaşmalar əldə edilsə də, onların heç bir reallaşmadı. Həmin görüşə dair Azərbaycan XİN-in yaydığı məlumatda bildirilirdi: 

"Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər". 

Lakin iki aydan artıq bir müddətin keçməsinə baxmayaraq, görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətdə ən azı bir praktiki addım belə olsun, atılmayıb. Əksinə, görüşdən sonra münaqişə zonasında vəziyyət daha da gərginləşib. Belə ki, mayın 30-u Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid oldu. Bundan sonra isə tərəflər bir-birilərini vəziyyəti gərginləşdirməkdə ittiham etdi. 

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirən vaxt Ermənistan silahlı qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə Azərbaycanın aviasiya vasitələrini vurmağa cəhd etdi. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Düzdür, Ermənistan öz istəyinə çatmasa belə, bu uğursuz cəhd vəziyyəti bir qədər də gərginləşdirdi. 

İyunun 17-i isə separatçı rejim Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı təlimlərə başladı. İddiaya görə, təlimlərə 10 mindən çox hərbçi, 200-dən çox artilleriya sistemi, 150-ə yaxın zirehli texnika, 400 ədəd avtomobil cəlb olunub. Maraqlıdır ki, bu təlimlər ayın 20-ə qədər, yəni, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçiriləcəyi günə qədər davam edib. 

Məlum görüşdən 2 gün əvvəl – iyunun 18-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovun jurnalistlərlə görüşməsi və mühüm bəyanatlar səsləndirməsini də qətiyyən təsadüf adlandırmaq olmaz. Həmin görüşdə ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü deyən Z.Həsənov bildirib: 

"Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik. 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır". 

Bu arada Ermənistan Baş naziri Nikol Paşinyan da nazirlərin görüşünə saatlar qalmış yenidən müharibə bəyanatları ilə çıxış edib. O, Azərbaycanı danışıqları konstruktiv məcradan çıxarmaq cəhdində ittiham edərək, Qarabağda hər an hərbi əməliyyatların başlaya biləcəyini bəyan edib. Görüş ərəfəsində Ermənistan hökumətinin rəhbərini belə bir bəyanatla çıxış etməsi onun danışıqlarda maraqlı olmadığının bariz göstəricisidir. 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsində cəbhədə vəziyyətin gərginləşməsi, üstəgəl tərəflərin ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlar onsuz da gərgin keçən münaqişənin nizamlanması prosesinə dair danışıqlarda hansısa nəticənin əldə olunacağı şansını daha da azaldır. Beynəlxalq vəziyyətin, xüsusi ilə Minsk qrupunun həmsədr ölkələrindən olan və münaqişə tərəflərinə təsir mexanizmlərinə malik ABŞ və Rusiya arasında münasibətlərin gərgin olması da münaqişənin həllinin çətinləşdirən amillərdəndir. 

Düzdür, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton artıq Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözlədiyini bəyan edib. O, qeyd edib ki, rəsmi Vaşinqton regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır. Lakin Boltonun bu fikirləri ilk baxışdan maraqlı görünsə də, bu görüşlərdən hər hansı bir nəticənin əldə olunacağı bir o qədər də şübhəlidir. Çünki hələ ötən ilin sonlarında Boltonun Cənubi Qafqaz regionu ölkələri, xüsusi ilə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra səfərindən sonra səsləndirdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ən azı irəliləyişin baş verəcəyinə ümid yaratsa da, keçən müddət ərzində münaqişənin həllində heç bir dəyişiklik olmadı. 

Ermənistanın sülh istəmədiyi aydın görünür. Sülh istəyən ölkə danışıqlar öncəsi iki Azərbaycan hərbçisini qətlə yetirməzdi. Əsas məsələlərdən biri də odur ki, münaqişənin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Ermənistanın bu əməllərinə göz yumurlar. ABŞ özü də münaqişənin həllində maraqlı deyil, çünki Rusiyanın moderatorluğu ilə nizamlanmanı istəmir. 

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, “mən heç zaman Qarabağ nizamlanması ilə bağlı ümidverici proqnozlar verməmişəm, əksinə həmişə xatırlatmışam ki, müharibə hər an başlaya bilər”. 

Nikol Paşinyan Azərbaycanı, guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır. Əslində, Nikol Paşinyan bu çıxışı ilə özünün Qarabağda müharibə istəməsi faktını pərdələməyə çalışıb. Əgər müharibə başlayarsa və Azərbaycan ordusu, tutaq ki, Madrid danışıqları çərçivəsində Ermənistan ordusunun çıxması nəzərdə tutulan bir neçə rayonu azad edərsə, bu, Paşinyana ilk növbədə əsas düşməni olan Qarabağ klanına divan tutmağa imkan yaradar. Yəni orduda üstünlük təşkil edən klana daxil generallar tam zərərsizləşdirilə bilər. Hazırda klanla Paşinyan arasında münasibətlər həddindən gərgindir. Vəziyyət o həddə çatıb ki, Paşinyan işğal rejiminə maliyyə yardımı ayırmağı da dayandırıb. 

Erməni mətbuatının yazdığına görə, İrəvan qondarma rejimin maliyyə yardımı barədə xahişlərini rədd edib. Baş Nazir Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün işğal rejiminin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Rejimin rəhbəri Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməsini istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Balasanyan "DQR prezidenti" postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var. Yəni gərginlıik daha da artacaq. Əgər müharibə başlayarsa, məğlubiyyətə görə Paşinyan ilk öncə Balasanyanı cəzalandıracaq. Daha sonra, bütün klanla vidalaşacaq. Beynəlxalq təşkilatlar İrəvan qarşısında zəiflik nümayiş etdirir. 

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 13299

Oxşar yazılar