Əli Kərimlinin adamları məşhur jurnalist İsmayıl Cəlilova hücum etdilər

  • 22:58 - 19 İyun

ABŞ-da yaşayan jurnalist və bloger İsmayıl Cəlilov internet-trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib. Jurnalistin sözlərinə görə, ona qarşı kampaniya Youtube kanalındakı müsahibələrdən birində AXCP lideri Əli Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra sosial şəbəkələrdə başlayıb. Bundan dərhal sonra İsmayıl Cəlilovun Facebook sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb.

Əvvəllər ANS ÇM radio stansiyasında populyar aparıcı olmuş İsmayıl Cəlilov 90-cı illərdə Azərbaycandan ABŞ-a köçüb. Son illərdə İ.Cəlilov fəal jurnalistikaya və ictimai fəaliyyətə qayıdıb.

«Mənim Youtube kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxdı və müsahibəsində o, AXCP lideri Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə AXCP-nin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar. Adi tənqidə şəxsiyyətin alçaldılması ilə cavab verən bu qrupa nə deyəsən? Sən demə, AXCP-nin trolları hakimiyyəti müdafiə edən trollardan da betər imişlər. Çünki onlar yalnız hakimiyyəti internetdə müdafiə etməklə məşğuldurlar», - Cəlilov deyib.

Blogerin sözlərinə görə, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Əli Kərimli onun efirinə qatılmaqdan imtina edib.

«Əli Kərimli gəlmir, çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar? Nəyə görə mən səhərdən axşama qədər onların təhqir dolu şərhlərini pozmalıyam? Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz. Onları yığışdırın. Məndə belə bir qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə baş verər? Müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Əgər real hakimiyyət qazansanız, jurnalistlərin vəziyyəti necə olacaq? Budur sizin Azərbaycanın gələcəyinə baxışınız?», - İsmayıl Cəlilov Əli Kərimliyə sualla müraciət edir.

Bloger qeyd edib ki, bundan əvvəlki gün Əli Kərimlinin jurnalist Sevinc Osmanqızına iki saatlıq müsahibəsinə baxıb, lakin Azərbaycanın gələcəyi haqqında bir söz belə eşitməyib.

«Mən gələcək haqqında, sizin siyasi proqramınız haqqında bir söz belə eşitmədim. Sizə çoxlu suallarım var, lakin onlara cavab almağa ümid etmirəm. Mən sizi artıq müstəqil jurnalistlərin dostu hesab etmirəm. Baxın, ünvanınıza bircə tənqidi cümləyə görə tərəfdarlarınız necə təhqirlər yağdırırlar. Axı özünüzü lider adlandırırsınız, tərəfdarlarınızın bu biabırçılığını dayandırın», - o deyib.

Yekunda İsmayıl Cəlilov Əli Kərimlinin tərəfdarlarını çobana ehtiyacı olan sürü adlandırıb.

«Anlamadım, Əli Kərimli peyğəmbərdir? İndi onu tənqid etmək olmaz? Bəlkə o peyğəmbər olub, sadəcə, məni xəbərdar etməyi unudublar? 4 min nəfərlik auditoriyası olan kanalın tənqidindən qorxan insanların «demokratik» ideyalarına tüpürüm. Bu savadsız sürü söyüşü də səhv yazır. Bunlar demokratik Azərbaycan quracaqlar? Mən bu insanların quracağı ölkəni istəmirəm», - Cəlilov bildirib.


Oxunma sayı: 43703

Oxşar yazılar