Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin 26-cı iclası keçiriləcək

  • 21:30 - 18 İyun

İyunun 19-22-də Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin (PPM) növbəti 26-cı iclası keçiriləcək.

Tədbirdə dünyanın 4 qitəsinin 23 ölkəsindən nümayəndələrin gələcəyi gözlənilir.

Tədbirin təşkilatçılarından biri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının deputatı Zaxariya Kutsnaşvili jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi pravoslav dininin təbliği və kilsə sərhədlərini müdafiə etməkdir.

O deyib: “Bu gün İslam dünyada daha güclüdür. Bəzi qitələrdə pravoslav xristianları çətinliklər yaşayır və azalırlar”. Onun sözlərinə görə, Gürcüstan bu toplantıya 6 ildir hazırlaşır. Bu toplantı miqyasına görə, ATƏT-in və NATO-nun tədbirlərindən sonra üçüncü olacaq.

Deputat deyib ki, Gürcüstan dini turizm üçün də əlverişli bölgədir və tədbir bu baxımdan da bizim üçün əlverişli olacaq.

Məlumat üçün qeyd edək ki, Parlamentlərarası Pravoslav Məclisi 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə təsis olunub. Yunanıstan və Rusiya Assambleyada liderlik edirlər.

Parlamentlərarası Pravoslav Məclisinin mənzil qərargahı Afinada yerləşir.

PPM-in işində Rusiya, Gürcüstan, Ermənistan, Polşa, Yunanıstan, Ukrayna, İordaniya da daxil olmaqla 25 ölkə iştirak edir.

PPM-in Baş Assambleyası ildə bir dəfə keçirilir. Sonuncu Baş Assambleya 2018-ci ilin iyununda Afinada keçirilib.


Oxunma sayı: 8646

Oxşar yazılar