"Fiziki və psixoloji durumundan asılı olmayaraq, bütün uşaqlar ölkəmizin layiqli vətəndaşları kimi formalaşdırılmalıdırlar" – Günay Ağamalı

  • 13:06 - 18 İyun

"Təəssüf edirəm ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında zəruri xarakter daşıyan fəaliyyət bəzi valideynlər tərəfdən xoş qarşılanmır".

Bu sözləri Avropa.info-ya açıqlamasında "BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalı deyib.

"Yetərincə fidan balalarımızın körpələr evi - uşaq bağçası səviyyəsində formalaşmasına sərf etdiyim zamandan irəli gələrək bir daha olduqca vacib hesab etdiyim bəzi məqamları önə çəkmək istərdim. 2011 ci ildə təssis etdiyim "BUTA" körpələr evi - uşaq bağçasında fəaliyyətə başlayarkən qarşıma qoyduğum prioritet vəzifələrdən biri bütün uşaqların  məktəbəqədər təhsil sisteminə cəlb olunmasına xüsusi səy göstərməyim olmuşdur.  Bəlli olduğu kimi, məktəbəqədər təhsil, başqa sözlə desək uşaq bağçası təhsilin ilkin pilləsidir. "-deyə o bildirib. 

G.Ağamalının sözlərinə görə, fiziki və psixoloji durumundan asılı olmayaraq bütün uşaqlar təhsilə cəlb olunmalı, heç bir uşaq təhsilədən kənarda qalmamalı və onlara fərq qoyulmamalıdır: 

"Yarandığı gündən “BUTA" körpələr evi - uşaq bağçası inkluziv təhsilə çox böyük önəm verib və xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması istiqamətində ciddi işlər aparıb və aparmaqdadır. 2011-ci ildən bu günə kimi "BUTA" körpələr evi - uşaq bağçasına 40 nəfər xüsüsi qayğıya ehtiyacı olan körpə qəbul olunub, onların sosiallaşması, cəmiyyətə inteqrasiyası, fiziki və psixoloji inkişafı istiqamətində məşğələlər keçirilib. Etiraf edim ki, bu sahədə uğurlu nəticələr alınıb. Belə ki, onlar qısa zaman kəsiyində, daha dəqiq desək, bir neçə ilə əziyyət çəkdikləri sindromun ağır durumundan xilas olaraq təhsilin sonraki mərhələsinə qədəm qoya biliblər. Bizim fəaliyyətimiz, əlbəttə, ölkə prezidentimizin təhsilə yönələn və ardıcıl xarakter daşıyan siyasətinin məntiqinə söykənməkdədir. 

Təəssüf edirəm ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması istiqamətində aparılan və olduqca zəruri xarakter daşıyan fəaliyyət bəzi valideynlər tərəfdən xoş qarşılanmır. Heç bir yolxucu xarakter daşımayan bu uşaqaların durumu bağçaya gələn digər uşaqların valideynləri tərəfindən anlaşıqlı qəbul edilmir və onların emosional yanaşmaları ilə tez - tez üzləşirik. Təbii ki, biz marifləndirici seminarlar keçirir, xüsüsi qayğıya ehtiyacı olan uşaqların  digər uşaqlara heç bir ziyanlarının olmaması, əksinə, uşaqlarda sevgi, humanizm, qayğı, mərhəmət, diqqət kimi hisslər aşılanıması, digər uşaqların xüsüsi qayğıya ehtiyacı olan uşaqlarala davranış qaydalarını öyrənmələrinin vacibliyini valideynlərin diqqətinə çatdırmağa çalışırıq. 

Ürək ağrısı ilə bir daha qeyd etmək istəyirəm ki, heç də bütün valideynlər yuxarıda sadalananlarla razılaşmır, hətta övladlarının xüsüsi qayğıya ehtiyacı olan uşaqlarla birgə təhsil almasından narazılıq edir və bir sıra hallarda övladlarını məhz bu amilə görə bağçadan çıxarırlar. 

Məsələnin mahiyyətini düzgün anlamayan həmən valideynlərin başa düşülməyən və qəbul edilməyən yanaşmalarına baxmayaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqalrın bağçamızda təhsilinə xüsusi diqqət və önəm verməkdiyik. 

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, təsis etdiyimiz "BUTA" xüsüsi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyi sözü gedən sahədə fəaliyyətin genişləndirilməsinə və daha əhatəli auditoryanı əhatə etməsinə  xüsusi diqqət yetirməkdədir. 

Unutmayaq ki, fiziki və psixoloji durmundan asılı olmayaraq bütün uşaqlarımız ölkəmizin layiqli vətəndaşları kimi formalaşdırılmalıdırlar".


Oxunma sayı: 22506

Oxşar yazılar