İstanbul debatı : Küçükkaya rəzaləti, əldə partlayan yalanlar və yaddaşlarda qalan ailə fotosu - Ruslan Bəşirlinin debat şərhi

  • 17 İyn - 2019

Baş tutdu... 17 ildən sonra Türkiyədə namizədlərin ilk debatı keçirildi. Kaş ki, öncəki illərdə də belə debatlar baş tutaydı. 

Türkiyə ilə yanaşı Azərbaycanda da bu debat diqqətlə izləndi. Təkcə Türkiyə və Azərbaycandamı? Şübhəsiz ki, qardaş ölkədə öz projelərini həyata keçirmək istəyən qaranlıq odalar da bu debatı diqqətlə izləyirdi. 

Debata ilk zərbə moderator, ABŞ-ın telekanalı olan FOX TV-nin aparıcısı İsmayıl Küçükkayadan gəldi. Küçükkayanın Binəli Yıldırımı AK Partiyanın İstanbul Böyükşəhər Bələdiyyə başqanlığına namizədi olaraq, Əkrəm İmamoğlunu isə CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə başqanı kimi təqdim etməsi böyük bir rəzalət idi. Moderator ilk dəqiqələrdən tərəfini ortaya qoymuşdu. 

Bununla yanaşı Küçükkayanın sualları da tərəf olduğunu açıqca büruzə verirdi. Məsələn, İmamoğluna İstanbuldakı projeləri haqda sual verərkən, sual növbəsi Binəli Yıldırıma catınca, "Siz bir dəfə İzmirdə bələdiyyə seçkilərində məğlub olmuşdunuz, indi də İstanbulda məğlub oldunuz" kimi tərəf nümayiş etdirən suallar verirdi. Halbuki, İstanbulda seçkilərin qalibi bəlli olmadığı üçün, yenidən seçki keçirilir və Küçükkayanın moderatorluq etdiyi debat da məhz bu səbəbdən baş tutmuşdu. Hərçənd İmamoğlu Küçükkaya tərəfindən sərt suallarla üzləşmədi ki, buna da proqramı izləyən hər kəs şahid oldu.

Proqramın moderatorunun tərəf olduğunun daha bir örənəyi isə İmamoğlunun ittihamlarına cavab verməli olan Binəli Yıldırıma cavab haqqının verilməməsi idi. Daha bir məsələ proqram boyu  İmamoğluna daha çox söz haqqı verilməsi, Binəli Yıldırıma isə CHP namizədi ilə müqayisədə daha az danışma imkanının tanınması idi. Örənək olaraq, debat boyunca Binəli Yıldırım 59,93 dəqiqə danışmasına baxmayaraq, İmamoğluna 63.85 dəqiqə söz haqqı tanınıb. 

Moderatorun rüsvayçı addımlarından biri Binəli Yıldırım danışarkən onun çıxışına və vaxtına müdaxilə etməsi oldu. Məsələn, Binəli Yıldırım İmamoğlunun İstanbulda 72 min gəncə "burs" veriləcəyi ilə bağlı vədinin yalan olduğunu üzə çıxararkən Küçükkaya AK Partiya namizədinin çıxışına müdaxilə etdi və 36 saniyəsi qalmasına baxmayaraq "sizin vaxtınız bitdi" dedi. Təbii ki, sonradan Binəli Yıldırım digər suallara cavab verərkən İmamoğlunun bu vədi haqda da danışdı. 

Debatın ən qüsurlu tərəflərindən biri tərəflərin qarşılıqlı olaraq polemikaya girməsinin moderator tərəfindən yasaqlanması idi ki, bunun da ziyanını ən çox Binəli Yıldırım çəkdi. 

Əlbəttə, Küçükkayanın tərəfsiz olamayacağı hər kəsə bəlli idi. ABŞ-ın telekanalı olan FOX TV-nin və şəxsən İsmayıl Küçükkayanın AK Partiya hökumətinə qarşı jurnalistikadan daha çox "partizan"çılığı illərin təcrübəsidir. Lakin, İsmayıl Küçükkayanın moderatorluğunun Binəli Yıldırım tərəfindən istənilməsi məncə AK Partiya namizədinin bir taktikası idi. 

Gələk namizədlərin performansına. Debatın ilk 20 dəqiqəsi hər iki namizəd diqqətli və kontrollu idilər. Hər iki namizəd bir-birini daha yaxından tanımaq istəyirdi. Debatın sonrakı dəqiqələrindən bəlli olurdu ki, İmamoğlu sakit, zarafatçıl bir insan olan Binəli Yıldırımı hövsələdən çıxarmağı, dialoqu qalmaqala çəkərək vəzifələrdə olduğu dövrdə həyata keçirdiyi və vəd etdiyi projeləri anlatmaq imkanını əlindən almaq istəyir. Yıldırım isə rəqibinin daha çox yalan danışmasını və sakit bir şəkildə bu yalanları ortaya qoymağı hədəfləyirdi. Qısası, Yıldırımın hədəfi rəqibinin "xoşgörülü siyasəti" imici yerinə , yalancı obrazını seçiciyə çatdırmaq idi ki, məncə buna qismən, moderatorun imkan verdiyi qədər nail ola bildi. Bunlardan misallar da çəkə bilərik. 

1. Moderatorun "bu seçim niyə yenilənir" sualı zamanı yaşanan dartışmada İmamoğlu bütün İstanbulda səslərin yenidən sayılmasını CHP-nin durdurmadığını, səslərin yenidən sayılmasından çəkinmədiyini  söyləsə də, Binəli Yıldırım CHP-nin yenidən sayımın durdurulması üçün İstanbul Seçki Komissiyasına 4 şikayət məktubu ilə müraciət etdiyini sənədlərlə təqdim etdi. Üstəlik CHP-li heyətin gecəyarısı İstanbul Seçki Komissiyası sədri ilə görüşdüyünü və görüşdən 5 dəqiqə sonra, yenidən sayımın durdurulduğunu açıqladı. İmamoğlu bu dəlillərə cavab verə bilmədi. 

2. Binəli Yıldırım İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyə başqanlığına başlar başlamaz niyə gizli sənədləri kopyalatmaq haqda əmr verdiyini və bunun      üçün niyə kənardan 3 mütəxəssis dəvət etdiyi soruşdu. Üstəlik gizli sənədlərin kopyalanmasının bir FETÖ taktikası olduğunu da sözünə əlavə etdi. İmamoğlu cavabında sənədləri kopyalamaq deyil, "yedəklədiklərini" açıqlasa da, bu cavab AK Partiya namizədini qane etmədi. Yıldırım gizli sənədlərin zatən İstanbul Böyükşəhər Bələdiyyəsində olan 2 ayrı server üzərindən "yedəkləndiyini", İmamoğlunun verdiyi əmrin "yedəklənmə" deyil, kopyalama olduğunu, bu üzdən də məhkəmənin bu əmri ləğv etdiyini xatırlatdı. 

"Bunu keçmişdə FETÖ edirdi. Ən məhrəm bilgiləri kopyalayaraq millətimizin başına bəla oldular. Siz zatən "yedəklənən" sənədləri kənardan gələn birilərinə kopyaladırdınız. Bu qanunsuzdur" - Binəli Yıldırım rəqibinə cavab verərkən belə dedi. Bu zaman İmamoğlu Binəli Yıldırımın həmin zaman verdiyi açıqlamanın 1-ci cümləsi ilə özünə bəraət qazandırmaq istəsə də və bundan sonra, Küçükkaya Yıldırıma cavab haqqı tanımayaraq debatda 10 dəqiqə fasilə elan etsə də, fasilədən sonra AK Partiya namizədi CHP namizədinin yalanını ortaya qoydu. Binəli Yıldırım sənədlərin kopyalanması zamanı verdiyi açıqlamanın 2-ci və 3-cü cümlələrini xatırladaraq əslində İmamoğlunun onun sözlərini təhrif etdiyini sübuta yetirdi. 

3. İmamoğlu bütün Türkiyədə gündəm olmuş və söyüş söydüyü video kadrlarla təsdiqlənmiş, Ordu valisinə təhqir mövzusundan yayınmaq istədi. Lakin, israr edilincə, növbəti dəfə Ordu valisinə  "it" demədiyini , "bəsit" dediyini iddia etdi. Yəni, olaydan 3 gün sonra çıxıb "Mən əslində bəsitlik demişəm, sadəcə 20 yerdə mitinq etdiyim üçün, çox yorulmuşdum, işlətdiyim ifadənin əvvəli kameralara düşməyib" yalanını təkrarladı. Binəli Yıldırım isə rəqibinin bu yalanından istifadə edərək, çox sakit, lakin tutarlı hücumla CHP namizədinə növbəti zərbəni vurdu.

"Bunun bütün görüntüləri ortaya çıxdı. Ən yaxın dostu Fatih Portakal belə hadisəni təsdiq etdi. Bunu uzatmağa gərək yoxdu məncə. Cənab İmamoğlu üzr istəsəydi hadisələr bu qədər irəli getməyəcəkdi. Əslində İmamoğlunun validən üzr istəməsini deyirdim, indi bu yalandan sonra, bütün İstanbullulardan və millətdən üzr istəməsi lazımdır"- Binəli Yıldırım belə dedi.  

4. Namizədlərin projelərindən danışması zamanı daha bir olay yaşandı. İmamoğlu İstanbulda 72 min tələbəyə təqaüd verəcəyini vəd edərkən, Binəli Yıldırım 1994-cü ildə hazırkı prezident Ərdoğanın bələdiyyə sədri olduğu vaxtlarda tələbələrə təqüd verildiyini, lakin CHP-nin Konstitusiya Məhkəməsinə şikayəti nəticəsində bunun yasaqlandığını bildirdi. Çıxışını davam etdirən Binəli Yıldırım Əkrəm İmamoğlunun bu vədlə tələbələri aldatdığını və təqaüd verilməsinin qanunla yasaq olduğunu dedi: 

"Gənclər mənim dostumdur. Gənclər üçün 10 GB internet pulsuz olacaq. Muzeylər və teatrlar bütün gənclərə pulsuz olacaq . Həvəskar klublara 100 min lirə dəstək verəcəyik. İdman təsisləri gənclər üçün pulsuz olacaq . Hər iki köprü üzərində motosiklet keçidləri  pulsuz olacaq. Universitetə hazırlaşan amma hələ tələbə olmayanlar da nəqliyyat endirimindən faydalanacaqlar. Müəllimlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Əkrəm bəy 72 min gəncə təqaüd verəcəyini söylədi. Amma mən belə bir vəd verməmişəm. Çünki,  bələdiyyələr qanunla təqaüd verə bilməz. Əslində, 1994-cü ildə biz verirdik. Lakin, CHP bu mövzunu Konstitusiya Məhkəməsində qaldırdı və bələdiyyələrin təqüd verməsinə qadağa qoydu. Əkrəm bəyin 75 min tələbəyə  təqaüd verəcəyi vədinə təəccüb edirəm, yəni qanunla verə bilməz. Bunun CHP tərəfindən əngəlləndiyini Əkrəm bəy bilmirmi? "

İmamoğlu Yıldırımın bu açıqlamasını sükutla qarşıladı. 

5. İmamoğlunun İstanbulun məhəllələrində 150 uşaq bağçsının inşa ediləcəyi haqda vədinə Binəli Yıldırımdan gələn  "Bəylikdüzündə namizəd olarkən cənab İmamoğlu 11 uşaq bağçası vəd edib, lakin 5 il ərzində cəmi 1 uşaq bağçası inşa etdirib. 11 uşaq bağçası inşa etdirə bilməyən 150 uşaq bağçasını necə inşa etdirəcək" cavabına, CHP namizədi yalnız "Bəylikdüzündə bizi tanıyan tanıyır" cavabı verməklə kifayətləndi.

Binəli Yıldırım və Əkrəm İmamoğlu arasındakı debatdan 10-la belə fakt misal gətirmək və bunu dartışmaq da olar. Mövzunu uzatmadan öncədən bəyan etdiyim kimi, əsas 17 ildən sonra bir debatın baş tutmasıdır. Bütün qüsurlarına baxmayaraq. Proqramın sonunda Binəli Yıldırımın İmamoğluna " Oğlun mühəndis olacaqmı? Nə gözəl. Demək ki, sənə oxşamayacaq" zarafatı və hər kəsin buna gülməsi çox xoş idi. Və əlbəttə sonda namizədlərin ailəlikcə birgə xatirə fotosu çəkdirmələri debatın ən yadda qalan hissəsi oldu. 

Debat bitdi, indi seçimə 1 həftə qalır. Yıldırım və İmamoğlunun səsləri aşağı -yuxarı bəllidir. Arada qalan 6-7 faizlik bir seçmənin bu debatdan təsirlənəcəyini gözləmək mümkündür. Son söz isə İstanbulluların olacaq. 

Ruslan Bəşirli /Avropa.info/   


Oxunma sayı: 1243

Oxşar yazılar