Nazir bloqqer-jurnalistə qarşı şikayətini geri götürüb

  • 14 İyn - 2019

Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda O.Şirəliyevin şikayətini geri götürdüyü elan edilib.

Bu səbəbdən xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib.

Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.

Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.

O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.

Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi

Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.


Oxunma sayı: 638

Oxşar yazılar